Məhkəmə qərarları › İş №3(044)-16/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-16/2022

25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-16/2022 25.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 barəsində 28.12.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən barəsində tərtib edilmiş 28.12.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, 28 dekabr 2020-ci il tarixdə saat 09:29 radələrində, etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı minik avtomobillə Üçtəpə kəndi ilə Gəncə şəhəri ərazisində qurulmuş karantin postundan keçərkən qanuni icazə arayışını nəzərə almayaraq ona Nizami (Gəncə) Yol patrul xidməti baş inspektor, polis leytenantı Nümayəndə onu saxladaraq guya epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Həmin qərara əsasən 200 manat məbləğində cərimə edilmiş, həmin protokolu əsassız hesab edir. Belə ki, sərt karantin rejimi zamanı Nazirlər Kabinetinin tətbiq etdiyi karantin qayda-qanunlarına, qüvvəyə minən qərarlara birmənalı şəkildə əməl etmişdir. Hər hansı bir işin həlli üçün SMS vasitəsilə 3 saatlıq icazədən istifadə etmişdir. Həmin tarixdə qaynanası Rəhimova Elnarəni həmin ərazidə yerləşən X8 həkim müayinəsindən keçirmək üçün adı çəkilən klinikaya aparmışdır. Bundan əlavə özü 2016-cı il ilk qələbə sevincini xalqımıza bəxş etmiş, Aprel Döyüşlərində iştirak etmiş, halhazırda ikinci qrup əlildir. Sonda o, 28 dekabr 2020-ci il tarixli Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin onun barəsində olan İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat miqdarında cərimə edilməyi ilə bağlı inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsinə göstəriş verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında polis leytenantı X4 izahat verərək bildirmişdir ki, 28.12.2020-ci il tarixdə karantin postunda vətəndaş X6 SMS icazəsi olduğunu bildirmiş, lakin onun portaldan icazəsi olmamışdır. SMS icazəsi ilə ancaq şəhər daxili hərəkətdə olmaq mümkün olduğu üçün onun barəsində protokol tərtib olunmuşdur. Həmin vaxt onun idarə etdiyi avtomobildə heç kim olmamış, qayıdanda o, polis əməkdaşlarına icazə ilə bağlı tibbi arayış təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 28.12.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan 19.01.2021-ci il tarixli, TP4147143 nömrəli qərardan görünür ki, X6 28.12.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 200 manat cərimə edilmişdir. İş materiallarında olan X10 Mərkəzinin Tibbi arayışından görünür ki, xəstə Elnarə Rəhimova dərin venoz tromboz diaqnozu ilə X5 daxil olmuş, 28.12.2020-ci il tarixdə klinikada venoz tromboza görə stasionar müalicə almışdır. X2 (Chevrolet Cruze 20- EG676) müşaiyət etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X11 X14 X16 22 fevral 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 28 dekabr 2020-ci il tarixdə 1-ci indeks üzrə saat 09:23dən 12:23-dək vətəndaş X3 adına olan SMS icazəsi qüvvədə olmuşdur. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki şikayətçi Sərxan Bağırov karantin postunda yol patrul xidməti əməkdaşı Nümayəndə tərəfindən saxlanılarkən onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq tibbi zərurətlə əlaqədar SMS icazəsi, geri qayıdarkən isə həkim arayışı olmuş və həmin arayışı polis əməkdaşına təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün verilən icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir. Azərbaycan Respublikasının İXM-nin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “karantin rejiminin pozulması” halı baş verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. X1 əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində tərtib edilmiş 19.01.2021-ci il tarixli, TP4147143 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar