Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-165/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 16 fevral 2022-ci il tarixli EP №0030619 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Mərkəzi Bankından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 fevral 2022-ci il tarixli EP №0030619 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 16 fevral 2022-ci il tarixli EP №0030619 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs MMC (ləğv prosesindədir) 200000.00 (iki yüz min) ABŞ dolları məbləğində vəsaiti 08.01.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 200000.00 (iki yüz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 09.01.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş materiallarına əlavə edilmiş 16 fevral 2022-ci il tarixli EP №0030619 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Mərkəzi X1 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 28.11.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda bank tərəfindən qabaqcadan ödəniş əməliyyatlarına dair bütün sənədlər 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC 200000.00 (iki yüz min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bankda olan hesabından 08 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, 200000.00 (iki yüz min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəxs MMC-ni Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti, yəni 200.000 (iki yüz min) ABŞ dolları məbləğinin 20 (iyirmi) faizi miqdarında inzibati cərimə növündə (qərarın icra olunduğu günə manata məzənnəsi üzrə) inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti, yəni 200.000 (iki yüz min) ABŞ dolları məbləğinin 20 (iyirmi) faizi miqdarında inzibati cərimə (qərarın icra olunduğu günə manata məzənnəsi üzrə) olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-165/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-165/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver