Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-175/2022 07.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 16 avqust 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Cavad küçəsi, ev 27-də qeydiyyatda olan və Gəncə şəhəri, DOS-102 qəsəbəsi, ev 64-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs üzərində narkotik vasitə aşkar olunmuşdur. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən 07 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 izahat verərək bildirdi ki, 07 mart 2022-ci il tarixdə Şəxs üzərində narkotik vasitə aşkar edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin Gəncə Regional bölməsinin 06 mart 2022-ci il tarixli ekspert rəyindən müəyyən edilmişdir ki, Şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan ümumi təmiz çəkisi 0,121 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ona görə də, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 05 mart 2022-ci il tarixdə saat 21:30 radələrində Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın yaxınlığında olarkən mülki geyimdə iki nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər, sonra polis əməkdaşları Gəncə şəhər Baş polis İdarəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Onun üzərində olan 1 ədəd sellofanın içərisində bükülmüş psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçinin çıxışlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 06 mart 2022-ci il tarixli 16/272 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “şübhəli şəxs Şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,121 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. İş materiallarına əlavə edilmiş “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 06 mart 2022-ci il tarixdə saat 20:00-da tutulmuşdur. İş materiallarına əlavə edilmiş 06 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Milli Məclisinin qərarından görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədləri 0,15 qram psixotrop maddə şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən sübut növü hesab edilir. Göründüyü kimi, Şəxs üzərindən psixotrop maddə olan metamfetamin maddə aşkar edilmiş, lakin həmin maddəni istifadə yəni, istehlak etmişdir ki, bu da onun əməlində cinayət məsuliyyəti yaratmadığına görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 07 mart 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 mart 2022-ci il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-175/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-175/2022
07.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver