Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-182/2021 27.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər baş İdarəsi tərəfindən tərtib edilmiş x xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 11:55-də Gəncə şəhəri H.Əliyev pr. ilə H.Əliyev küçələrinin kəsişməsi ünvanında yerləşən Şəxs MMC-nin istifadəsində olan GO SPORT mağazasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, həmin mağazada şəxsi heyətin tibbi maskadan istifadə etməməsi aşkar edilmişdir. təsərrüfat subyektində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblər pozulmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 3(044)-764/2020 saylı qərardadı ilə eyni protokol geri qaytarılaraq göstərilmişdir ki, həmin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsaslar müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Eyni zamanda qanunvericilik imkan verir ki, əgər hüquqi şəxs tərəfindən müvafiq inzibati xətanın törədilməsi faktı aşkar edildikdə onun barəsində əlavə araşdırılması zərurəti yarandıqda inzibati xəta haqqında icraatın başlanması haqqında protokol dərhal deyil iki gün müddətində tərtib edilə bilər. Lakin xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, inzibati araşdırma zamanı hüquqi şəxsin nümayəndəsinin işə cəlb edilməsi, onun nümayəndə qismində səlahiyyətini təsdiq edən sənədin işə əlavə edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmiş, yalnız ehtimal edilən faktın aşkar edildiyi Şəxs MMC-yə məxsus mağazanın nümayəndəsi kimi X2 işə cəlb edilərək onun izahatı alınmışdır. Nəzərə alınmalıdır ki, ixtiyari bir şəxs hətta hüquqi şəxsin işçisi olsa belə müvafiq səlahiyyətlərin olmasını təsdiq edən etibarnamə olmadıqda inzibati xəta haqqında iş üzrə icraatda hüquqi şəxsin nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Hazırkı protokol nöqsanlar aradan qaldırılmayaraq təkrarən məhkəməyə təqdim edilmiş, protokola xx.xx.2020-ci il tarixli akt əlavə edilmişdir. Həmin aktda Şəxs MMC-nin işçisi X1 tibbi maskadan və əlçəkdən istifadə etmədən mağazanın daxilində müştərilərə xidmət göstərməsinin aşkar edildiyi göstərilmişdir. Protokolda hüquqi şəxsin nümayəndəsi qismində X1 izahatı olsa da sonuncunun Azərbaycan Respublikası İXM-in 64-cü maddəsinə uyğun olaraq hüquqi şəxsi təmsil etmək səlahiyyətini olması ilə bağlı hər hansı sübut materiala əlavə edilməmişdir. Həmçinin tərtib edilmiş akt yalnız vergi müfəttişləri tərəfindən imzalanmış, T.Zeynalzadənin tibbi maskadan və əlçəkdən istifadə etməyərək müştərilərə xidmət göstərdiyi və aktla tanış olaraq imza edib bir nüsxəsini aldığı qeyd edilsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadında qeyd edilmiş nöqsanlar aradan qaldırılmamış, eyni protokol məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası İXM-in 64-cü maddəsinə uyğun olaraq hüquqi şəxsi təmsil etmək səlahiyyəti olan şəxsin protokolun tərtib edilməsində iştirakı üçün zəruri tədbirlər görülməmiş, hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan şəxsə inzibati xəta haqqında iş üzrə icraat barədə heç bir məlumat verilmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 4.3-cü bəndinə görə həmin Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Fərmanının 5.6-2-ci bəndinə görə isə həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin baxmaq səlahiyyətinin olması müəyyən edilmişdir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Məcəllənin 211-ci maddəsi ilə (sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinlərinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İXM-in 99.2-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan məlumatlara iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həmin işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş vəzifəli şəxslər (Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri və onların müavinləri) İXMin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə hüquqi şəxs barəsində protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərməlidir. Hazırki işin hallarından isə görünür ki, 12 saylı ərazi vergilər baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020ci il tarixli MN seriyalı ******* nömrəli protokol idarənin buna səlahiyyəti olmayan əməkdaşı, yəni idarənin baş dövlət vergi müfəttişi X5 və dövlət vergi müfəttişi X3 tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, işin baxılmasına mane olan hallar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı şəxsin müvafiq inzibati xətanı törədibtörətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-in 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə geri qaytarılsın. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-182/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-182/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver