Məhkəmə qərarları › İş №3(044)-184/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-184/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-184/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib olunan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsindən daxil olmuş 08 yanvar 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: ünvan 1 ünvanında yerləşən “Çörək sexi” obyektinin sahibkarı Şəxs 08 yanvar 2021ci il tarixdə saat 11:45 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirməməsi nəticəsində onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 3(044)-184/2021 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan Şəxs şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 3(104)-147/2021 saylı qərarına əsasən şikayət qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 3(044)-184/2021 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında material yenidən baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X4 müqaviləni məhkəməyə təqdim edərək bildirdi ki, X8 İdarəsi ilə 2016-cı ildən 2021-ci il tarixədək hər il müqavilə bağlamış, həmçinin 2020-ci ildə də müqavilə bağlayaraq hər ay ödəniş etmişdir. Ona yazılı bildiriş göndərsələr də, həmin vaxt onlar arasında bağlanmış müqavilə qüvvədə olduğundan barəsində tərtib olunmuş protokolu əsassız hesab edir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, işdə olan 08 yanvar 2021-ci il tarixli, MN № ******* saylı protokoldan görünür ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi tələbini pozduğuna görə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin 09 dekabr 2020-ci il tarixli yazılı göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsi Şəxs 09 dekabr 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Çörək sexi” üzərində yayımladığı reklamlarla bağlı 5 gün müddətində müvafiq icazə alınması üçün müraciət etməyi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin 09 dekabr 2020-ci il tarixli 252 saylı aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən “Çörək sexi” açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi tələblərini pozmaqla reklamları yayımlayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin 08 yanvar 2021-ci il tarixli 08 saylı aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən “Çörək sexi” açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi tələblərini pozmaqla reklarmları yayımlamaqda davam edir. İş materiallarında olan 23.04.2021-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazə vərəqəsindən görünür ki, 01.01.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək Şəxs Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsi tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan 03.05.2021-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazə vərəqəsindən görünür ki, 01.01.2021-ci il tarixdən 01.01.2022-ci il tarixədək Şəxs Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsi tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan Kirovabad ZAQS idarəsi tərəfindən 30 mart 1989-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 mart 1989-cu il təvəllüdlü X1 şəhərində anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında Şəxs qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan SSR Daşkəsən rayon VVAQ bürosu tərəfindən 16 aprel 1965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1965-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan normada inzibati məsuliyyətin mütləq əsaslarından biri də şəxsin inzibati xətanın törədilməsində təqsirinin müəyyən edilməsidir. X8 İdarəsi tərəfindən fərdi sahibkar Şəxs ünvanlanmış yazılı göstərişdə icazə müqaviləsinin bağlanması tələb olunsa da, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X8 İdarəsi ilə fərdi sahibkar Şəxs arasında “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi” bağlanmış, Şəxs tərəfindən bununla bağlı dövlət rüsumu və yayım haqqı X8 İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, X8 İdarəsi ilə Şəxs arasında açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsi bağlandığı halda, ondan icazə müqaviləsinin bağlanmasını tələb edən yazılı göstərişin heç bir hüquqi əsası yoxdur. Əgər göstəriş əsassızdırsa həmin göstərişin icra edilməməsi da hər hansı məsuliyyətə səbəb ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs İXM-in 428.7.3-ü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmədiyindən, beləliklə də onun əməlində inzibati xəta tərkibi оlmаdığındаn həmin mаddə ilə bаşlаnmış inzibati xətа hаqqındа işin icrааtınа xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-115 və 428.7.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar