Məhkəmə qərarları › İş №3(044)-191/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-191/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-191/2022 11.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami RPİ-nin İTBnin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, 02.09.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 17, mənzil 43-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi ünvan 1 ünvanda yaşayan Şəxs üzərində qanunsuz olaraq narkotik maddələrin saxlanılmasında şübhəli olduğuna görə Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılmış və Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən 1 ədəd kibrit qutusunun içərisində gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0.123 qram kustar üsulla hazırlanış psixotrop maddə-metamfetamin aşkar olaraq götürülmüşdür. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, 10 mart 2022-ci il tarixdə X3 arxasında olan maşın yuma yerinin yaxınlığında yerləşən zibil yeşiklərinin yanında yerdə büküm tapıb götürmüş, açıb içinə baxan zaman içindəkinin narkotik vasitə olduğunu bilmiş və iş yerindən uzağa atmaq üçün özündə saxlamş, elə həmin vaxt polis əməkdaşları ona yaxınlaşmış, həmin an o özü üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onu polis idarəsinə apararaq üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində olan narkotik vasitə götürülmüşdür. Hazırda etmiş olduğu əməldən peşman olduğunu, ailəli və himayəsində 2 övladının olduğunu bildirir və məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi X2 izahat verərək bildirdi ki, Şəxs 20 iyul 2021-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılmış, üzərində narkotik vasitə aşkar edildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 11.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh növünün təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 10 mart 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və pisxotrop maddələrin miqdarında, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanununa əsasən psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs üzərində aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetaminin miqdarı onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işin digər materialları tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 11.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən onun əməlini etiraf etməklə peşman olmasını, ailəli, himayəsində iki övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb, onun barəsində cərimə növündə inzibati tənbeh verilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə olunsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar