Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-202/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru İİ-ci dərəcəli hüquqşunas X3 iştirakı ilə, X2 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından Azərbaycan Respublikası Baş Prokurorunun Birinci müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən verilmiş protestə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin rəisi polis polkovniki Samir Həsənov tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun Birinci müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru İİ-ci dərəcəli hüquqşunas X6 protesti müdafiə edərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə, karantin rejim qaydalarını pozması əsası ilə Eldəniz İbrahimov barəsində Gəncə şəhəri Nizami RPİ-in İTB-in sahə rəisi, polis leytenantı Nicat Hüseynov tərəfindən Azərbaycan Respublikası İXMin 211.1-ci maddəsi ilə həmin tarixli, MN1042230 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Gəncə şəhər Nizami RPİ-in rəisi, polis polkovniki Samir Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar ilə Eldəniz İbrahimov barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qeyd edilən qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə Bakcell MMC-dən Eldəniz İbrahimovun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona gələn müvafiq SMS icazədən görünür ki, həmin gün X1 AZE16332234 seriya və nömrəli şəxsiyyət vəsiqəsi üzrə saat 15:16-da 3 saat müddətində yaşayış yerini tərk etmək üçün icazə verilmişdir. Koronavirus pandemiyasl ilə bağlı ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar, Gəncə şəhərində, Mərkəzi Univermağın yanında xx.xx.2020-ci il tarixdə qurulmuş polis postunda xidmətdə olan Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-in 1-ci bölüyünün polis nəfəri, polis baş serjantı X5 şəhər Nizami RPİ-in rəisinə yazmış olduğu raportdan görünür ki, Eldəniz İbrahimovu həmin gün saat 15:27-də karantin qaydalarını pozduğuna görə saxlayaraq Nizami RPİ-in növbətçi hissəsinə təhvil vermişdir. Eldəniz İbrahimov verdiyi izahatda həmin gün 44 günlük Vətən müharibəsində şəhid olmuş qardaşı Mübariz İbrahimovun 40 mərasimi üçün gül çələngi almaq məqsədilə küçəyə çıxdığını, əvvəlcədən istifadəsində olan mobil telefon vasitəsilə müvafiq icazə aldığını, lakin polis əməkdaşlarının buna məhəl qoymadığını bildirmişdir. Göründüyü kimi, X1 Gəncə şəhərinin mərkəzində qurulmuş polis postunda saxlanılarkən artıq müvafiq SMS icazəsi olmasına baxmayaraq, əsassız olaraq onun barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, müvafiq qərarla 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru İİ-ci dərəcəli hüquqşunas X6 dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, protest təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 200 manat cərimə edilmişdir. Samir Həsənov tərəfindən X1 xx.xx.2020-ci il tarixdə küçəyə çıxmaq üçün SMS icazəsinin olmasına baxmayaraq əsassız olaraq onun barəsində inzibati qərar qəbul edilmişdir. Eldəniz İbahimovun 44 günlük Vətən müharibəsində şəhid olmuş qardaşı Mübariz İbrahimovun 40 mərasimi üçün gül çələngi almaq məqsədilə küçəyə çıxdığını, əvvəlcədən istifadəsində olan mobil telefon vasitəsilə müvafiq icazə aldığını, SMS icazədən istifadə etməsini nəzərə almamışdır. Qanunvericilikdə vətəndaşın qeydiyyatda olduğu şəhər və ya rayondan kənarda yaşadığı müddətdə küçəyə çıxarkən SMS icazədən istifadə etməsinin qadağan olunması və ya belə hallarda inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı norma mövcud deyildir. Bundan başqa polis əməkdaşı Samir Həsənov işin hallarını ətraflı araşdırmadan, yəni Eldəniz İbarhimovun həqiqətən SMS icazədən istifadə etməsini nəzərə almayaraq barəsində inzibati qərar qəbul etmişdir. Halbuki, qanunvericilikdə işin hallarının əlavə araşdırılması tələb olunduqda protokolun 2 gün müddətində tərtib edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Eldəniz İbarhimovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün “karantin rejiminin pozulması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında qərarı qəbul etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Gəncə şəhər Nizami RPİ-in rəisi, polis polkovniki X7 İbrahimovun təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə qərar qəbul etməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Baş Prokurorunun Birinci müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun protesti təmin edilsin. X2 barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №3(044)-202/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-202/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver