Məhkəmə qərarları › İş №3(044)-204/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-204/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-204/2022 14.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami RPİ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx xxxx 1961-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, 13.03.2022-ci il tarixdə Gəncə şəhəri, Sədi küçəsi, 1ci döngə, ev 9-da yaşayan X2 işlədiyi X4 Ginekologiya otağına qoymuş olduğu əl çantasının içərisindən 105 manat pulu Gəncə şəhər sakini Şəxs tərəfindən oğurlanmışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında materialı və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Şəxs xırda talama, yəni oğurlama yolu ilə özgənin əmlakını talama inzibati xətasını törətməkdə təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərədə tutulan əməllərə görə inzibati məsuliyyət o hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib etmiş Gəncə şəhəri Nizami RPİ-nin İTB-nin polis sahə rəisi X5 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, 13.03.2022-ci il tarixdə X3 məxsus 105 manat pul işlədiyi X4 Ginekologiya otağından oğurlanmışdır. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, tutduğu əməldən peşmandır. Vərəm xəstəsidir, oğurladığı 105 manat pulu hepatit xəstəliyi üçün istifadə etdiyi dərmanı almaq üçün istifadə etmişdir. X3 dəymiş ziyanı hazırda ödəməyə razıdır. Ona görə də məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan 14 mart 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 13.03.2022-ci il tarixdə X3 məxsus 105 manat pul işlədiyi X4 Ginekologiya otağından oğurlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Şəxs etmiş olduğu oğurluq faktı əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 17.02.2020-ci il tarixli vəsiqənin surətindən görünür ki, Şəxs ikinci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsındə nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-in 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzər alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Zərərçəkmiş şəxs X3 dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda gostərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar