Məhkəmə qərarları › İş №3(044)-232/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-232/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-232/2021 04.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, İnzibati protokol tərtib etmiş şəxs Məhərrəmov Röyal Ehtiram oğlunun iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir ona görə ki, onun üzərinə baxış keçirilərkən 2.38 qram “Marixuana” aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhəri, Nizami RPİ-in İTB-nin sahə rəisi polis leytenantı Məhərrəmov Röyal Ehtiram oğlu protokolda göstərilən xüsusatlara uyğun izahat verərək göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları daxil olmuş əməliyyat məlumatına əsasən keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2021-ci il tarixdə saat 17.00-da Şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamasında və istifadəsində şübhəli olduğu üçün Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Samux Petrol”yanacaq doldurma mərkəzinin qarşısında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Onun üzərinə baxış keçirilən zaman 2.38 qram “Marixuana” aşkar edilərək götürülmüşdür. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 2020-ci ilin oktyabr-noyabr aylarında Göygöl rayonunun ərazisində yerləşən “Azos” adlı ərazidə çayın kənarından yığmış və o vaxtdan üzərində saxlamışdır. Özü hərdənbir narkotik vasitə qəbul etmişdir. Hazırda üzərində saxladığı narkotik vasitənin isə qanunsuz olmasından xəbəri olmamışdır. Əksər xarici ölkələrdə narkotik vasitədən istifadə etmək heç bir məsuliyyət yaratmır. Ona görə də məhkəmədən ona cərimə növündə inzibati tənbeh verilməsini xahiş etmişdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(044)-425/20 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilmiş kütlə yazı və imza olan bir ədəd kağız paketdə olan, bir ədəd şəffaf sellofan bükümdəki, təmiz çəkisi 2.13 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatına əsasən keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2021-ci il tarixdə saat 17:00-da Şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamasında və istifadəsində şübhəli olduğu üçün Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Samux Petrol” yanacaq doldurma mərkəzinin qarşısında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. X3 üzərinə baxış keçirilməsi və bununla bağlı araşdırma aparılması zərurəti yarandığından toplanmış material aidiyyatı üzrə İstintaq və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsinə verilmişdir. İlkin araşdırma zamanı Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün o, xx.xx.2021-ci il tarixli qərarla həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tanınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eyni zamanda onun inzibati icraat zamanı verdiyi etiraf edici izahatını iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək, inzibati protokol tərtib etmiş şəxsi dinləyib hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İşin hallarından da göründüyü kimi Şəxs oğlu qanunsuz olaraq narkotik vasitə hesab edilən bir ədəd şəffaf sellofan bükümdəki, təmiz çəkisi 2.13 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs oğluna həbslə bağlı olmayan, cərimə növündə inzibati tənbehin verilməsinə dair dəlillərinə də hüquqi qiymət verərək onu qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhz bu baxımdan məhkəmə onu qeyd edir ki, həbslə bağlı olmayan inzibati tənbehin verilməsi ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə zidd olmaqla, həmin tənbehin qəbul edlməsi inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə də uyğun deyildir. Belə ki, Şəxs oğlunun əvvəllər inzibati məsuliyyətə cəlb edilməsi, onun məhkəmə iclasında başqa xarici ölkələrdə marixuananın qadağan edilməməsi kimi izahatlar verməsi onun şəxisyyətini xarakterizə edən hallar kimi çıxış edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü kimi inzibati həbs seçilməli və həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş X1rın Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar