Məhkəmə qərarları › İş №3(044)-237/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-237/2022

19.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-237/2022 19.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, 21.02.2022-ci il tarixdə Şəxs qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 21.02.2022-ci il tarixdə, Şəxs qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döyüb fiziki ağrı yetirmişdir. Bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı Seymur Musayev tərəfindən ilkin araşdırma aparıldıqdan sonra Şəxs əməlində cinayət tərkibi olmadığı üçün 12 mart 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və material inzibati protokol tərtib edilməsi üçün aidiyyəti üzrə Nizami RPİ-in İTB-sinə göndərilmiş, 19 mart 2022-ci il tarixdə onun İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Gəncə şəhəri, Totanlı qəsəbəsində yerləşən Gəncə çayının yaxınlığında torpaq sahəsi vardır. O, həmin torpaq sahəsi olan yerdə balaca daxmada yaşayır. Gündəlik olaraq həmin bağda ağac əkmiş və bağın səliqə səhmanına baxmışdır. Həmin hasara aldığı torpaq sahəsinin yaxınlığında qonşuluqda İlqar adlı şəxsə məxsus torpaq sahəsi də vardır. O, həmin daxmada daimi yaşadığı üçün İlqar adlı şəxs ondan onun bağ sahəsinə nəzarət etməyini xahiş etmişdir. O, İlqarın sahəsində olan ağacları səliqəyə salmaq üçün bir neçə ağacı kəsmişdir. 20.02.2022-ci il tarixdə adı sonradan ona məlum olan Natiq Hüseynov torpaq sahəsinə gəlmişdir. O, həmin gələn şəxsdən kim olmasını soruşduqda, həmin yerə gələn şəxs ona İlqarın qardaşı olduğunu, torpaq sahəsinə baxmaq üçün gəldiyini bildirmişdir. Bir-iki gün sonra torpaq sahəsinə baxmaq üçün gələn İlqar onun kəsdiyi ağacları gördükdə ona yüksək səs ilə kəsdiyi ağacları oradan götürməyini bildirmiş, o isə səhhətinin pis olmasını, sonra yığışdıracağını bildirmişdir. İlqar onunla razılaşmış və çıxıb getmişdir. 21.02.2022-ci il tarixdə yenə İlqar ona məxsus ətrafı hasarlanmış bağ sahəsinə gəlmişdir. O, həmin günü spirtli içki qəbul etmişdir. İlqar onun kəsdiyi ağacları yığışdırmadığını gördükdə yüksək səslə ona kəsdiyi ağacları niyə götürmədiyini torpaq sahəsini niyə səliqəyə salmadığını bildirmişdir. O isə İlqara səsini ucaltmamasını və yavaş danışmasını bildirmişdir. İlqar ilə onun arasında mübahisə yaranmış və bir-birinin yaxasından tutmağa başlamışlar. Bu zaman oğlu Asəf Əliyev gələrək onları sakitləşdirmişdir. Sonra o, əsəbləşdiyi üçün yenidən mübahisə etmək istədikdə İlqarın üzərinə getmək istəmiş, lakin oğlu Asəf onu saxlamışdır. Sonra oğlu Asəf İlqarı uzaqlaşdıraraq onu şəxsi avtomobilinə otuzduraraq yola salmışdır. Hazırda etdiyi əməlindən peşmandır. Ailəsinin yeganə qazanc gətirən şəxs kimi ona böyük ehtiyac vardır. Oğlu 44 günlük X1maqla qazidir və onun himayəsindədir. Məhkəmədən qeyd edilənləri nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, təxminən 40 il bundan əvvəl Gəncə şəhəri, Totanlı qəsəbəsində Gəncə çayının yatağının içərisində torpaq sahəsində atası Nüsrəddin ilə birlikdə orada bağ salaraq ağaclar əkmişlər. Bağın ətrafını hasar çəkərək bağlamışlar. Atası təxminən 11 il bundan əvvəl vəfat etmiş və həmin bağa o nəzarət etmişdir. O,təxminən 4-5 aydır ki, bağa getmədiyi üçün bağa nəzarət etmək mümkün olmamışdır. Ona görə də bağın hasarları dağılmış, ağaclar kəsilmişdir. O, bağa baxarkən qıraqda olan adı sonradan ona məlum olan Oktay adlı şəxs ona burda nə etdiyini, kim olduğunu soruşmuşdur. O isə ona cavab olaraq bu bağın ona məxsus olduğunun bildirmişdir. Oktay isə bu bağın ona məxsus olduğunu, oğlunun 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olduğunu bildirərək bu bağı mənimsəyəcəyini bildirmişdir. Onların arasında bununla bağlı sözlə mübahisə yaranmışdır. Sonra, o şəxsi avtomobilinə əyləşib evinə getmişdir. Sonra gündəlik olaraq o, bağa nəzarət etmək üçün ora gedərək ağaclara su verib, bağı təmizləyib qayıtmışdır. O yenidən bağa gedərkən görmüşdür ki, bağda olan ağaqclardan yenə kəsilərək yolun ortasına tullanılmışdır. O, Oktaya “kəsmisən heç olmasa yolun ortasına tullama, götür qırağa qoy” demişdir. Oktay isə ona cavabında onun eləmədiyini, heç bir şeydən xəbəri olmadığını bildirmişdir. O, sonra yolun ortasınd olan kəsilmiş ağacları özü təmizlədikdən sonra evə getmişdir. 21.02.2022-ci il tarixdə Oktay ona 051 463-64-48 saylı nömrəsindən zəng edərək bağda onu gözlədiyini, spirtli içki götürərək ora gəlməsini bildirmiş, o isə Oktaya sporti içki qəbul etmədiyini və bağa gələcəyini bildirmişdir. O bağa çatdıqda orada Oktay və Oktayın oğlu orada olmuşlar. O,avtomobildən düşən kimi Oktay onun üzərinə gəlmiş, qışqıraraq onu öldürəcəyini bildirərək hədələməyə başlamışdır. Daha sonra belindən bıçaq çıxararaq onun arxasına keçərək bıçaqı boğazına tutaraq yenə onu öldürəcəyini və başını kəsəcəyini bildirmişdir. O isə qorxduğu üçün müqavimət göstərmişdir. Daha sonra isə Oktayın oğlu onları aralamışdır. Sonda o, qanuna uyğun qərar verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs zərərçəkmiş şəxsi vuraraq fiziki ağrı yetirməsi, beləliklə İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, zərərçəkmiş şəxsin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Zərərçəkmiş şəxs əməlini etiraf etməklə peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, oğlu X4 Vətən Müharibəsi iştirakçısı olmaqla qazi olmasını və onun himayəsində olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar