Məhkəmə qərarları › İş №3(044)-239/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-239/2022

20.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-239/2022 20.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, Gəncə şəhər Nizai Rayon Polis Bölməsinin polis sahə rəisi, polis mayoru, X1, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 89A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Nizami Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 19.03.2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 19.03.2022-ci il tarixdə saat 12:10 radələrində Gəncə şəhəri, Nizami rayon, M.C.Paşayev küçəsində yerləşən “Araz” merketdə alış-veriş edən zaman qapalı məkanda tibbi maskadan istifadə etməməsi aşkar edilərəkən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhər Nizai Rayon Polis Bölməsinin polis sahə rəisi, polis mayoru, X2 izahatında göstərmişdir ki, Şəxs 19.03.2022-ci il tarixdə saat 12:10 radələrində Gəncə şəhəri, Nizami rayon, M.C.Paşayev küçəsində yerləşən “Araz” merketdə alış-veriş edən zaman qapalı məkanda tibbi maskadan istifadə etməməsi aşkar edilərəkən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də onun barəsində 19.03.2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Odur ki, onun barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 19.03.2022-ci il tarixdə kasıb ailələrə Novruz payı almaq məqsədilə Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev küçəsində yerləşən “Araz” marketə tibbi maskasız daxil olmuşdur. O, marketin daxilində olarkən polis əməkdaşı ona yaxınlaşıb tibbi maskadan istifadə etmədiyini bildirərək, ondan özünü təqdim etməsini tələb etmişdir. Həmin vaxt, o özünü təqdim etməyərək, bazarlıq edib marketdən çıxacağını bildirmiş, lakin polis əməkdaşı təkrar olaraq ondan özünün təqdim etməsini tələb etmişdir. O, isə polisin qanuni tələblərinə uyğun olaraq özünü təqdim etməmişdir. Bundan sonra onu Gəncə şəhər Nizami Rayon Polis bölməsinə dəvət etmişlər. Hazırda etmiş olduğu əməlindən peşman olduğunu bildirir və ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonr İXM-in) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20.03.2022-ci il tarixdə saat 12:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 19.03.2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs 20.03.2022-ci il tarixdə saat 12:10 radələrində Gəncə şəhəri, Nizami raypnu, M.C,Paşayev küçəsində yerləşən “Araz” marketdə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində müəyyən edilmiş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 18 manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Şəxs göstərdiyi cəmi 3 (üç) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar