Məhkəmə qərarları › İş №3(044)-249/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-249/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-249/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs-Gəncə şəhəri, Nizami RPİ-nin İTBnin polis sahə rəisi polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs– Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, 03 may1955-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, Gəncə şəhəri, Atatürk pr, 257, ev 1, mənzil 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati xəta hqqqında protokol tərtib edilmişdir ona görə ki, o X1 ünvan 2 A ünvanının qarşısına yığdığı 205-210 ədəd ümumi dəyəri 130 manat dəyərində mişar daşlarını oğurlamışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, material üzrə cinayət işin başlanmasından rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Niyatun Əmiraslanov onun qonşusudur. O, 2012-ci ildə Gəncə şəhər Təbriz küçəsi 187 saylı fərdi yaşayış evini almışdır. Həmin fərdi yaşayıs evi rəsmi olaraq ona məxsusdur. Həmin ünvanda aptek də yerləşir. Buna baxmayaraq o, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərində yaşamaq üçün getmiş, hal-hazırda yenidən qeyd olunan ünvana qayıtmış və hazırda orada yaşayır. 2014-cü ildən qonşusu Niyatun Gəncə şəhər Təbriz küçəsi 185 A ünvanında çörək sexi işlədir. Niyatun onun həmin ünvanda yaşamadığı vaxtlardan istifadə edərək məişət və qeyri-məişət tullantılarını ona məxsus evin giriş-çıxış qapısına ataraq onun gediş-gəlişini məhdudlaşdırmışdır. O, da bu barədə əvvəllər də Gəncə şəhər icra hakimiyətinə və DİN-nin 102 xidmətinə müraciət etmişdir. Buna baxmayaraq həmin tullantılar oradan təmizlənilməmişdir. Bundan başqa Niyatun 2020-ci ilin əvvəllərindən onun yaşadığı evin qarşısında özünə məxsus obyektində qanunsuz tikinti işləri aparmışdır. Eyni zamanda onun gediş-gəliş yoluna, evin aynasının qarşısına mişar daşları tökmüşdür. O, da Niyatuna dəfələrlə desə də Niyatun həmin daşları oradan təmizləməmişdir. Buna görə o, məcbur olub DİN-nin 102 xidmətinə müraciət etmişdir. Yenə də Niyatun həmin daşları oradan təmizləməmişdir. Amma müxtəlif vaxtlarda o, məcbur olub Niyatun Əmiraslanova məxsus mişar (kubik) daşlarını hissəhissə apararaq öz həyətinə yığmışdır. Niyatun Əmiraslanov obyektində tikinti işləri aparmaq üçün onun evinin qarşısına tikinti materialları olan mişar daşlarını və digər əşyaları yığmışdır. O, da Niyatuna dəfələrlə həmin əşyaları yığışdırmasını desə də, lakin Niyatun öz əməllərini davam etdirməyə başlamışdır. Sonra məcbur olub həmin mişar daşlarını öz evinin qarşısından götürərək yaşadığı evin həyətinə yığmış, onun fikri mişar daşlarını oğurlamaq olmamışdır.Amma hərin daşları Niyatundan icazəsiz götürmüşdür. Niyatuna məxsus mişar daşlarını icazəsiz aparsa da daşların sayını bilmir. Buna baxmayaraq həmin daşlar onun yaşadığı evin həyətindədir. Həmin daşları təqdim edə bilər. Daşları aparmaqda məqsədi evinin qarşısını təmiz saxlamaq olmuşdur. Odur ki, məhkəmədən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsinə dair qərar qəbl edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, Bəbir Gəncə şəhəri Təbriz küçəsi ev 187-də yaşayır. Onun özünə məxsus çörək sexi var, həmin sexin qarşısında təxminən 220-230 ədəd mişar daşları (kubik) var. Həmin mişar daşlarınıni bir ədədini 60 qəpiyə almışdır. xx.xx.2021-ci il tarixdə həmin daşların təxminən 205-210 ədədinin oğurlandığını aşkar etmişdir. Həmin mişar daşlarının qiyməti təxminən 126 manat təşkil edir. O, yaxınlıqda olan mağazanın təhlükəsizlik kameralarından baxanda həmin mişar daşlarını qonşuluqda yaşayan Bəbirin oğurlamasını görmüşdür. Bəbir tərəfindən ona mülkiyyətdən istifadəyə maneə ilə bağlı iradlar olsa da o iradları qəbul etməmişdir. Bəbir haqsız olaraq onun evinə olan giriş-çıxış yolunun açılması ilə bağlı müraciət etmişdir. Mişar daşlarının yığıldığı yerlə Bəbirin evi arasında 2-3 metr məsafə vardır. Odur ki, Şəxs barədə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxsin şəxsin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdırararaq belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaqda özünü ehtiva edir. Həmin Məcəllənin 227-ci maddəsinin qeydinə əsasən həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətlərinin olması qənaətinə gəlinsə də həmin qərarda işin digər halları, yəni tərəflər arasında əslində giriş-çıxış yolunun kəsilməsi ilə bağlı mübahisənin olub-olmaması, əmlakın ələ keçirilməsində Şəxs niyyətinin nədən ibarət olması öz əksini tapmamışdır. Məhkəmə iclasında isə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, uzun müddətdir ki, onlar arasında mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr mövcuddur ki, onlar bu mübahisəni həll etmək üçün qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququndan istifadə etməmişlər. Zərərçəkmiş şəxsin izahatından da müəyyən edilir ki, Şəxs mişar daşlarını Şəxs evinin yaxınlığına yığmış, Şəxs isə həmin daşların və digər tullantıların oradan götürülərək onun evinə gedən giriş-çıxış yoluna olan maneələrin aradan qaldırılmasını tələb etmişdir. Məhz onun bu tələbi təmin edilmədikdən sonra o zərərçəkmiş şəxsə məxsus olan mişar daşlarını hissə-hissə oradan götürərək, əvvəlcə öz evinin qapısının yanına, daha sonra isə öz həyətinə daşımışdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsdən mişar daşının talanması hüquqa zidd əməl olsa da, Şəxs niyyəti özgə əmlakını tamah məqsədilə götürməkdən ibarət olmayaraq, həmin əmlakı başqa şəxsin xeyrinə də yönəltməyərək evində saxlamışdır. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırılması zamanı Şəxs əməlində özgəsinin əmlakını talamaqda özünü ehtiva edən inzibati xəta tərkibi aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilən Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 66 yaşında olan bir şəxsin qonşunun əmlakını tamah niyyəti ilə ələ keçirməsi məntiqi mühakimə əsasında da inandırıcı deyildir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmaqıda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar