Məhkəmə qərarları › İş №3(044)-261/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-261/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-261/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən 05.03.2022ci il tarixdə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Həmin qərarı və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, qərar düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Həmin Məcəlləyə görə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxid kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar ola bilər. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqın iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Qeyd olunan normalardan göründüyü kimi hüquqi şəxs tərəfindən müvafiq inzibati xətanın törədilməsi faktını prokuror aşkar edildikdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar on beş gün müddətində tərtib edilir. Lakin 05.03.2022-ci il tarixli qərardan görünür ki, inzibati araşdırma zamanı hüquqi şəxsin nümayəndəsinin işə cəlb edilməsi, onun nümayəndə qismində səlahiyyətini təsdiq edən sənədin işə əlavə edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmiş, yalnız MMC-nin mühasibi X1 işə cəlb edilərək izahatı alınmışdır. Nəzərə alınmalıdır ki, ixtiyari bir şəxs hətta hüquqi şəxsin işçisi olsa belə müvafiq səlahiyyətlərin olmasını təsdiq edən etibarnamə olmadıqda inzibati xəta haqqında iş üzrə icraatda hüquqi şəxsin nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün Gəncə şəhər prokurorluğuna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında 05.03.2022-ci il tarixli qərar Gəncə şəhər prokurorluğuna geri qaytarılsın. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar