Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-265/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Gəncə şəhər DYPŞ-nin Yol Patrul Xidməti X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: X1 şəhər DYPŞ-nin Yol Patrul Xidməti X2 tərəfindən xx.xx.2021-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında tərtib edilmiş protokolun ləğv edilməsi barədə şikayət ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Arif Allahverdiyev ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.2021-ci il tarixdə baş etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı, 20 CS637 dövlət nömrə nişanlı avtomaşınla Gəncə şəhərində hərəkətdə olarkən (Gəncə şəhərinin hansı küçə və ya prospekti protokolda da məlum deyil) yol polisi əməkdaşı Anar Əsgərov (sonradan ad soyadını öyrənmişdir) tərəfindən saxlanılıb, saxlama səbəbini soruşanda yol polisi əməkdaşı avtomaşınının arxa hissəsinin aşağı olduğunu bu səbəbdən də ona cərimə yazacağını bildirmişdir. O, etiraz edərək avtomaşınında heç bir dəyişiklik etmədiyini, zavod istehsalına uyğun olduğunu qeyd edib və arxa hissəyə evi üçün müəyyən əşyalar aldığını bu səbəbdən də aşağı olduğunu bildirmişdir. Polis əməkdaşı avtomaşınının arxa baqaj hissəsinə baxış keçirib reallığı görsə də, “saxlamışamsa cərimə yazmalıyam” fikirini söyləyərək cərimə yazmağa davam etmişdir və ona “məhkəməyə verə bilərsən” demişdir. Həmin vaxtı ona tərtib olunmuş protokolun surəti belə verilməmişdir. Bir neçə gün sonra şöbəyə gedərək artıq onun əvəzinə belə imzalanmış protokolu surətini birtəhər almışdır. Orada da etiraz etsə də, heç bir nəticəsi olmadığını və başqa çarəsinin olmadığını görüb hüququnun müdafiəsi üçün ədalət məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Onu da qeyd etmişdir ki, barəsində tərtib olunmuş protokol əsassız olmaqla bərabər, protokolun tərtib olunması barədə normalara da riayət olunmamışdır. (Məs: şahid yoxdur, digər qrafalar doldurulmamışdır, onun əvəzinə imza edilmişdir). İstehsal norması pozulmuşdursa, niyə mütəxəssis rəyi alınmamışdır?. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol inzibati tənbeh verilməsini nəzərdə tutmur, yalnız ehtimal olunan inzibati xəta faktının sənədləşdirilməsindən ibarət olmaqla gələcəkdə inzibati xəta haqqında işə baxılarkən sübut növü kimi istifadə olunur. İnzibati Xətalar Məcəlləsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir (İXM-nin 124.2-124.4-cü maddələri). X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu protokol əsasında qəbul ediləcək qərarla razılaşmadığı halda ərizəçinin həmin qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Ərizəçi qanunda nəzərdə tutulduğu kimi inzibati tənbeh vermə haqqında qərarın yox, heç bir inzibati tənbeh tətbiq etməyən protokolun ləğv edilməsi barədə ərizə vermişdir. İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi və ya protokolun ləğv edilməsi nəzərdə tutulmadığından bu şikayətə baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Gəncə şəhər DYPŞ-nin Yol Patrul Xidməti X2 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-265/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-265/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver