Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-279/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, X1 iştirakı ilə, X3 28.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onu barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən 28.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati qərarı ləğv edib, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmədə ərizəsini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 22.11.2021-il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində cərimə olunmuşdur. Sözügedən 22.11.2021-il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq qəbul edildiyindən Gəncə şəhər Nizami rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli 3(044)-11/2022 saylı qərarı ilə ləğv edilərək inzibatı xəta haqqında işə yedindən baxılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi isə elektron qərarda yol verilən nöqsanları aradan qaldırmaq mümkün olmadığından həmin qərarın yalnız tarixini dəyişməklə yenidən protokol(elektron qərar) tərtib etmişdir. İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitəyə müdaxilə etmək heç cür mümkün deyil, çünki həmin texniki vasitə real vaxt reflimində işləyir və məlumatları (inzibati xətanı) birbaşa mərkəzi informasiya sisteminə ötürür. Cihaza kənar müdaxilə imkansızdır və ona tətbiq edilən elektron qərarı geri tarixlə xüsusi texniki vasitənin yaddaşına yerləşdirmək mümkün deyil. Bu səbəbdən sözügedən elektron qərarın yalnız tarixini dəyişməklə kifayətlənmişlər. Xüsusi texniki vasitələrə kənar müdaxilələr etməyin mümkünsüzlüyünü nəzərə alan qanunqoyucu orqan, inzibati icraat zamanı vətəndaşların hüquqlarının qorunması məqsədi ilə inzibati xətanı aşkar etmək üsulu kimi xüsusu texniki vasitənin zəruriliyini İXM-də qeyd etmişdir. Yenidən araşdırma nəticəsində qəbul edilmiş 28.03.2022-il tarixli EQ/ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda da qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir. Belə ki, sözügedən qərar xüsusi texniki vasitədən istifadə etməklə tərtib edilməli olduğu halda, polis əməkdaşı tərəfindən fərdi məlumatlara müdaxilə etməklə tərtib edilmişdir. Yəni, kamera arxasında oturan hər hansı polis əməkdaşı (operator) kameradan şəhəri müşahidə edərkən qanun pozuntusunu aşkar etmiş və həmin an mənə məxsus avtomobilin şəkilini və dövlət. qeydiyyat nömrəsini yaxınlaşdırmaqla bir neçə foto şəkil çəkmiş və bununla da o, 60 manat məbləğində cərimə edilmişdir. Mülkiyyətində olan avtomobilin şəhər kamerası vasitəsi ilə yaxınlaşdırılaraq dövlət qeydiyyat nişanının götürülməsi, bundan başqa avtomobilin içərisinə kamera vasitəsi ilə baxılması fərdi məlumatlara müdaxilədir, belə müdaxilənin olmaması üçün qanunveriçilik "xüsusi texniki vasitələr” təfbiq etməklə inzibatı xətanın aşkara çıxarılmasını imperativ şəkildə qeyd etdiyi təqdirdə hazırki qərar xüsusu texniki vasitədən istifadə etməməkla tərtib edilmişdir. Sözügedən 22.11.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda “inzibati xətanın aşkar edilməsi xüsusi texniki vasitənin məlumatı əsasında” müəyyan edilmişdir kimi ifadə işlənmiş, lakin “qərarda xüsusi texniki vasitə barədə heç bir məlumat “göstərilməmişdir. Sonda o, şikayətinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. İş materiallarında olan 28.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X5 İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki X1 inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi göstərilmiş, həmin maddəsinin tövsifedici əlaməti Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə hərəkət etməkdən ibarətdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan X2 vəya geriyə dönmə qaydalarının pozulması müəyyən olunmamışdır. Məhkəmənin sorğusuna əsasən inzibai xətanın baş verdiyini əks etdirən foto və video görüntülər, həmçinin sənədlər tələb edilsə də, məhkəmənin sorğusuna cavab verilməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi X5 inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da X5 tərəfindən hansı inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X5 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş 28.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X5 barəsində tərtib edilmiş 28.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-279/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-279/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver