Məhkəmə qərarları › İş №3(044)-304/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-304/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-304/2022 15.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X2 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli, 2(044)-3082/2018 saylı icra sənədinə əsasən, borclu Şəxs hər ay 200 manat məbləğində alimentin tutlaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, tələbkar Zərərçəkmiş şəxs 04.04.2022-ci il tarixli ərizəsi ilə borclu Şəxs aliment borcunun 1000 manat təşkil etdiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsulliyətə cəlb olunacağı barədə xəbərdarlıq verilmişdir. Borclu Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatında aliment borcunu ödəyəcəyini bildirmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, özü İİ qrup əlildir, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. O, bir müddət işləmədiyi üçün aliment ödənişlərin edə bilməmiş, hazırda 200 manat aliment ödənişi etmişdir. O, qalan aliment borcunu hər ay 300 manat hissə-hissə ödəməklə tam bağlayacaqdır. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, borclu Şəxs ayın 17-dən 17-nə 200 manat aliment verməlidir. O, alimenti vaxtında ödəmir. Hazırda Şəxs ona 200 manat ödəniş etmiş, qalan borcunu isə hər ay 300 manat ödəməklə bağlayacağına söz vürmişdir. O, borclunun tutulmasını istəmir, ancaq aliment borcunun hər ay ödəməsini xahiş edir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından və borclunun məhkəmə iclasında verdiyi izahatından görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli, 2(044)- 3082/2018 saylı icra sənədini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Çünki borclu şəkərli diabet xəstəliyinə görə İİ qrup əlil olduğu üçün aliment borcu yaranmış, hazırda borcundan 200 manat ödəniş etmiş, qalan borcunu isə hər ay 300 manat ödəməklə bağlayacağını bildirmiş, zərərçəkmiş bununla razılaşmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 07.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar