Məhkəmə qərarları › İş №3(044)-305/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-305/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-305/2022 18.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 07 aprel 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(044)- 1530/2019 saylı icra sənədinə əsasən 16 mart 2010-cu il təvəllüdlü X4 və 18 iyul 2011-ci il təvəllüdlü X5 18 yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq X9 qızının xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X7 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(044)-1530/2019 saylı icra sənədinin icrası ona tapsırılmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq, o, icradan boyun qaçıraraq icra sənədində göstərilən borcunu ödəməmişdir. Buna görə də borclu Şəxs barəsində 07 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN № ******* nömrəli protokol tərtib edilmişdir. Şəxs tələbkar X6 ilə razılığa gəlmişlər. Borclunun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, borclu Şəxs ilə alimenti hissə-hissə ödəyəcəyinə dair razılığa gəliblər. Şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, tələbkar X6 ilə aralarında alimenti hissə-hissə ödəyəcəyinə dair razılığa gəlmişlər. Alimet borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmədən onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, tələbkarın izahatlarını dinləyib, icra işinin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 15 iyul 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(044)-1530/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. 15 iyul 2019-cu il tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, 09 sentyabr 2019-cu il tarixdə 10 gün müddətə icra sənədində olan tələb könüllü icra edilməyəcəyi təqdirdə barəsində inzibati protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar