Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-31/2022 03.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 barəsində 19.10.2021-ci il tarixli, MN1110882 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən barəsində tərtib edilmiş 19.10.2021-ci il tarixli, MN1110882 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizəni müdafiə edərək bildirdi ki, 19.10.2021-ci il tarixdə o, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmiş, lakin o, barəsində tərtib edilmiş protokoldan xəbərsiz olmuşdur. O, hesab edir ki, protokol və onun əsasında tərtib edilmiş qərar əsassızdır. Çünki onu həmin tarixdə inzibati xəta törətməyə görə heç kəs saxlamamış, ona bu barədə heç bir məlumat verilməmişdir. Sonda o, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin polis mayoru X2 tərəfindən barəsində qanunsuz və əsassız yazılmış 19.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN1110882 nömrəli qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Gəncə şəhəri Nizami rayon Polis idarəsinə polis bölməsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 19.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, vətəndaş X3 qapalı yerdə qoruyucu tibbi maskadan istifadə etməmişdir. İş materiallarında olan 19.10.2021-ci il tarixli, MN1110882 nömrəli qərardan görünür ki, X3 19.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 manat cərimə edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami RPB-nin sahə rəisi, polis mayoru Xaliq Məmmədovun raportundan görünür ki, 19.10.2021-ci il tarixdə 11:30-da Gəncə şəhəri Təbriz küçəsində xidmətdə olarkən vətəndaş X1 qapalı yerdə tibbi maskadan istifadə etmədiyi müəyyən olunmuşdur. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı X1 qapalı məkanda tibbi maskadan istifadə etməməsi öz təsdiqini tapmamışdır. Belə ki, 19.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol X1 iştirakı olmadan tərtib edilmiş, imzalanmamış, imza etməkdən imtina etdiyi qeyd edilməmiş, X1 harada, hansı qapalı məkanda, hansı vaxtda tibbi maskadan istifadə etməməyi barədə protokolda heç bir məlumat göstərilməmişdir. Hansı ki, həmin hal işin düzgün həlli üçün olduqca əhəmiyyətlidir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 100.1.1-100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Gəncə şəhər Nizami RPİ-nin polis bölməsi tərəfindən təqdim edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan X1 qapalı məkanda tibbi maskadan istifadə etməməsi müəyyən olunmamışdır. Çünki sahə rəisi Xaliq Məmmədov tərəfindən inzibati araşdırma aparılarkən Fərhad Əliyevin izahatı alınmamış, inzibati protokol və qərar sonuncunun iştirakı olmadan tərtib olunmuş, həmçinin Fərhad Əliyevin inzibati xəta törətməsini təsdiq edən əlavə sübutlar (fotoşəkil, hal şahidərinin iştirakı ilə akt və s.) inzibati protokola əlavə edilməmişdir. Bununla da X3 tərəfindən inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş 19.10.2021-ci il tarixli, MN1110882 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində tərtib edilmiş 19.10.2021-ci il tarixli, MN1110882 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-31/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-31/2022
03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver