Məhkəmə qərarları › İş №3(044)-315/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-315/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-315/2021 18.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X3 oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, şikayətçi X1 11.02.2021-ci il tarixli, MN0992826 saylı inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan 11.02.2021ci il tarixli, MN0992826 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğu üçün ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizədə göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki, 11 fevral 2021-ci il tarixdə o, evdə oturduğu yerdə “Asan pay”dən ona cərimə gəlmişdir. Bununla bağlı o, onlayn şikayət etmiş, şikayəti ilə bağlı 24 fevral 2021-ci il tarixdə ona cavab gəlmişdir ki, bu işlə bağlı məhkəməyə şikayət etməlidir. “Asanpay”dən ona gələn cərimə ilə bağlı heç bir video və ya foto yoxdur və cərimənin kim tərəfidən tətbiq edildiyi məlum deyildir. Sonda şikayətçi göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Gəncə Şəhəri Baş Polis İdarəsi və Gəncə şəhəri nizami rayon Polis idarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Gəncə Şəhəri Baş Polis İdarəsinin və Gəncə şəhəri nizami rayon Polis idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan MN0992826 saylı 21 fevral 2021-ci il tarixli “Asan Ödəniş” sisteminin çıxarışından görünür ki, X2 barəsində 11.02.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Çünki şikayətçinin inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, onun harada inzibati xəta törətməsi və kim tərəfindən inzibati məsuliyyətə cəlb edilməsi müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmə tərəfindən sorğu edilərək X2 barəsində tərtib edilmiş 11.02.2021-ci il tarixli, MN0992826 saylı inzibati tənbeh vermə haqqında qərarın, həmin qərarın tərtib edilməsinə əsas olan protokolun məhkəməyə göndərilməsi tələb olunsa da, nə Gəncə Şəhər Baş Polis İdarəsi, nə Nizami rayon Polis idarəsi, nə də Kəpəz rayon Polis idarəsi tələb edilən sənədləri məhkəməyə təqdim etməmişlər. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi Rauf Bayramovun inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da X2 tərəfindən inzibati xətanın harada törədilməsi, onun kimdən tərəfindən inzibati məsuliyyətə cəlb olunması, qərar qəbul edilməmişdən öncə onun məlumat verilməsi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən bütün faktiki hallar araşdırılmadığından MN0992826 saylı 11.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X2 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində tərəfindən tərtib edilmiş MN0992826 saylı 11.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və yenidən baxılması üçün Gəncə Şəhəri Baş Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar