Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-316/2020 17.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafəçisi Vəkil İnqilab oğlunun, İnzibati protokol tərtib etmiş şəxs-Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X2 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, evli, Gəncə şəhəri, Nizami rayonu, İnşaatçılar küçəsi, ev 12də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir ona görə ki, o xx.xx.2020-ci ildə Atatürk prospektində tibbi maskadan istifa etməyərək taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanılmış, sürücüyə yaxınlaşıb özünü təqdim edərək ondan sənədlərini tələb etmişdir. Bu zaman adı sonradan məlum olan Şəxs onları telefona çəkmək istəyini bildirmişdir. Polis əməkdaşları ona mobil telefon vasitəsi ilə çəkiliş aparmağa ixtiyarı olmadığını bildirsələr də, o, polisin nüfuzunu alçaldıcı video çəkib sosial şəbəkədə paylaşacağını bildirmişdir. Polis əməkdaşları ona bu hərəkətin qanunsuz olduğunu bildirən zaman o ucadan səs-küy salaraq ətrafda olan insanların diqqətini özünə cəlb etmiş və polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X4 protokolda göstərilən xüsusatlara uyğun izahat verərək göstərdi ki, xx.xx.2020-ci ildə Atatürk prospektində tibbi maskadan istifa etməyərək taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanılmış, polisin nüfuzunu alçaldıcı video çəkib sosial şəbəkədə paylaşacağını bildirmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X5 izahatında göstərdi ki, o xx.xx.2020-ci ildə Atatürk prospektində ekipaj yoldaşı ilə birlikdə xidmətdə olan zaman tibbi maskadan istifa etməyərək taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin avtomobil tərəflərindən saxlanılmış, sürücüyə yaxınlaşıb özünü təqdim edərək ondan sənədlərini tələb etmişdir. Bu zaman adı sonradan məlum olan Şəxs aqressiv şəkildə onları telefona çəkmək istəyini bildirmiş, o buna etiraz etmiş, polis əməkdaşları ona mobil telefon vasitəsi ilə çəkiliş aparmağa ixtiyarı olmadığını bildirsələr də, o, polisin nüfuzunu alçaldıcı video çəkib sosial şəbəkədə paylaşacağını bildirmişdir. Polis əməkdaşları ona bu hərəkətin qanunsuz olduğunu bildirən zaman o ucadan səs-küy salaraq ətrafda olan insanların diqqətini özünə cəlb etmiş və polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X3 izahatında göstərdi ki, tibbi maskadan istifa etməyərək taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin avtomobil tərəflərindən saxlanılmış, sürücüyə yaxınlaşıb özünü təqdim edərək ondan sənədlərini tələb etmişdir. Şəxs barəsində həmin vaxt AR İXM-nin 211.2-ci maddəsi ilə inizbati xəta haqqında protokol tərtib edilmişdir. Bu zaman Şəxs polisin nüfuzunu alçaldıcı video çəkib sosial şəbəkədə paylaşacağını bildirmişdir. Onlar bu hərəkətin qanunsuz olduğunu bildirən zaman o ucadan səs-küy salaraq ətrafda olan insanların diqqətini özünə cəlb etmiş və polisin qanuni tələbinə məhəl qoymamışdır. o onların qanuni tələblərinə tabe olmadığından Nizami Rayon Polis İdarəsinə gətirilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eyni zamanda onun inzibati icraat zamanı verdiyi etiraf edici izahatını iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək, inzibati protokol tərtib etmiş şəxsi dinləyib hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun tələbindən də göründüyü kimi o halda şəxs qeyd edilən maddə ilə inzibati məsuliyyətə cəlb edilir ki, tələb edən şəxs polis əməkdaşı olmalı və onun tələbi qanuni olmalıdır. Tələb edən şəxslərin polis əməkdaşlartı olması işin halları ilə, o cümlədən inzibati xəta törətmiş şəxsin məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs həbslə bağlı olmayan, cərimə növündə inzibati tənbehin verilməsinə dair dəlillərinə də hüquqi qiymət verərək onu qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 4cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhz bu baxımdan məhkəmə onu qeyd edir ki, həbslə bağlı olmayan inzibati tənbehin verilməsi ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə zidd olmaqla, həmin tənbehin qəbul edlməsi inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə də uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü kimi inzibati həbs seçilməli və həbsin əvvəli xx xxxx 2020-ci il, saat 10:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxx 2020-ci il, saat 10:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis X1rın Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-316/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-316/2020
17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver