Məhkəmə qərarları › İş №3(044)-319/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-319/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-319/2020 20.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci və 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 211.2ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs karantin rejimini pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 12:25 radələrində Gəncə şəhərində Nizami küçəsində avtobusda maskasız olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı Şəxs qayda pozuntusunu izah etmiş və sənədlərini tələb etmiş, sonuncu sənədləri təqdim etməyərək, eyni zamanda ad və soyadını deməmişdir. Polis əməkdaşları tərəfindən Şəxs Nizami RPİ-yə gətirilmiş, sonuncu orada da tabesizlik edərək sənədini təqdim etməmiş, adı deməmiş və ucadan səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci və 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 12:25 radələrində o, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində sərnişin avtobusunda olan zaman tibbi maska taxmadığı üçün dayanacaqda polis əməkdaşları ona yaxınlaşaraq öz iradlarını bildirib onu Nizami RPİ-nə dəvət etmişlər. Bu zaman o, polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmiş, orada əsəbləşərək sənədlərini təqdim etməyib polis əməkdaşı ilə mübahisə etmiş, polis əməkdaşları ondan sakitləşməyini tələb etmişlər, o, isə əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. Sonda o, etdiyi hərəkətlərdən peşman olduğunu, bir daha belə hərəkətlər etməyəcəyini bildirərək ona yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ XTB-nin polis nəfəri polis serjantı X4 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 12:25 radələrində Gəncə şəhər Nizami küçəsində xidmətdə olarkən sərnişin avtobusunda yoxlama apararkən bir nəfər şəxsin, sonradan adını bildiyi Şəxs ictimai nəqliyyat vasitəsində tibbi maskadan istifadə etmədiyi üçün İXM-nin 211.2-ci maddəsinin tələblərini və karantin qaydalarını pozduğuna görə həmin şəxsdən avtobusu tərk etməsini tələb etmiş və qayda pozuntusuna görə aidiyyatı üzrə protokolun tərtib edilməsi üçün həmin şəxsi Nizami RPİ-nə dəvət etmişdir. O, Şəxsdan özünü təqdim etməsini bildirmiş, lakin sonuncu öz ad və soyadını deməkdən imtina etmişdir. Daha sonra həmin şəxs Nizami RPİ-də də sənədini təqdim etməkdən və adını bildirməkdən imtina edərək polis əməkdaşı ilə mübahisə edib polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli protokoldan məlum olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 12:25-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 535.1-ci və 211.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs karantin rejimi qaydalarını pozması və polis içisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 535.1-ci və 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 211.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 211.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar