Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-32/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib icra məmuru X3 bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1948/19 saylı 09.12.2019-cu il tarixli icra ssənədinə əsasən borclu Şəxs 09.08.2019-cu il tarixdən başlayaraq 18.06.2011-ci il təvəllüdlü X4, 28.03.2016-cı il təvəllüdlü X5 və 08.06.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi müəyyən edilmişdir. Borclu Şəxs bugünkü tarixə 8380 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan ödəniş etməmişdir. Borclu sonuncu izahatında bildirmişdir ki, işləmədiyindən borcunu ödəməmişdir. Borclu Şəxs Frdovsi oğlu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu borcundan sonuncu dəfə dekabr ayında 70 manat ödəniş etmişdir. Borclu borcunu ödəyəcəyi üçün məhkəmədən vaxt istəmiş, ancaq ödəməmişdir. Sonda o, borcunu tam ödəmədiyi üçün məhkəmədən Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, onun maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmir. O, aliment borcundan ən çox ödəyəndə 100 manat ödəmişdir. Odur ki, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 27 dekabr 2021-ciil tarixli MN № ******* saylı protokoldan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1948/19 saylı, 09.12.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 8380 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. - Mingəçevir şəhəri Məhkəməsinin 09.12.2019-cu il tarixli 2(051)-1948/19 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 18.06.2011-ci il təvəllüdlü X6, 28.03.2016-cı il təvəllüdlü X5 və 08.06.2017-ci il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 360 manat miqdarında aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, alimentin tutulması 09.08.2019-cu ildən başlanılmışdır. - 19.12.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru X3 19.12.2019-cu il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin 09.12.2019-cu il tarixli 2(051)-1948/2019 saylı icra sənədini nəzərdən keçirərək, icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Şəxs 27.12.2021-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, işsiz olduğu üçün aliment borcunu ödəyə bilmir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Fərid Rzayevin 24.09.2019-cu il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, Şəxs ƏƏSMN-i yanında DSMF Gəncə şəhəri Nizami rayon şöbəsindən heç bir növ pensiya, təqaüd və müavinət almır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq alimentin yarısı qədər ödənişlər edərək məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə olaraq işləməməyini bəhanə edərək, bir neçə aydan bir 50-100 manat ödəməklə qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 10.01.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 10.01.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-32/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-32/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver