Məhkəmə qərarları › İş №3(044)-321/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-321/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-321/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs ilə bağlı materialın icrası zamanı o, polisin qanuni tələbinə qəsdən tabe olmamış, ucadan səs-küy salaraq ətrafdakıların diqqətini özünə cəlb edib polisə tabesizlik etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə F.Həsənov küçəsində Vaz 2107 markalı ** MR *** dövlət qeydiyat nişanlı avtomaşın uzaq vuran işiqdan istifadə etdiyi üçün yol polisləri tərəfindən saxlanılmışdır. Sürücüdən sənədlərini təqdim etməsini xahiş etdikdə o, özünü qeyri-səmimi apararaq sənədlərini təqdim etməmiş və nalayiq söyüşlər işlədərək, ucadan qışqıraraq ictimai qaydanı kobudcasına pozmuş, eləcə də tabesizlik göstərmiş və patrul avtomobilinə minməkdən imtina etmişdir. Polislər həmin şəxsi zorla avtomaşına mindirərək Nizami RPİ-nə gətirib növbəçi hissəyə təhvil verilmişlər. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. O, özünə məxsus olan Vaz 2107 markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları onu Heydər Əliyev prospektində saxlamışlar və ondan sənədlərini tələb etmişlər. O, polis əməkdaşlarına sənədlərinin evdə qaldığını, lazımdırsa gətircəyini bildirmişdir. O, həmin vaxt sərxoş olduğu üçün nalayiq ifadələr işlətməsini xatırlamır, tabesizlik göstərərək ucadan səs-küy saldığını xatırlayır. Sonda o, etdiyi əməldən səmimi peşman olduğunu, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in DYPİ-nin polis nəfəri baş serjantı X5 bildirdi ki, xx.xx.2021-ci il tarixdə F.Həsənov küçəsində xidmətdə olarkən Vaz 2107 markalı ** MR *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın uzaq vuran işıqdan istifadə etdiyi üçün onlar həmin avtomobili saxlamışlar. Sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişlər, lakin sürücü özünü qeyri səmimi apararaq sənədləri təqdim etməmiş və nalayiq söyüşlər işlədərək, ucadan qışqıraraq ictimai qaydanı kobudcasına pozmuşdur. Onlar həmin şəxsi sakitləşdirməyə çalışsalarda sonuncu buna məhəl qoymayaraq hərəkətlərini davam etdirmiş, sonucu tabesizlik göstərdiyi üçün onlar zorla post patrul avtomaşına mindirərək Nizami RPİ-nə gətirib növbəçi hissəyə təhvil verilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in DYPİ-nin polis nəfəri X2 şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli protokoldan məlum olur ki, Şəxs xx.xx.2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətaları sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar