Məhkəmə qərarları › İş №3(044)-322/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-322/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-322/2022 21.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə Regional X10 İdarəsinin nümayəndəsi X3, X1 iştirakı ilə, X5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə Regional X10 İdarəsinin 22 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X8 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə Regional X10 İdarəsinin 22 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Regional X10 İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 30 sentyabr 2021-ci il tarixli KY21164493 saylı çıxarışı ilə Fövqəladə Hallar Nazirliyi X10 Xidməti tərəfindən plan üzrə hüquqi şəxs – "xxxx" MMC (VÖEN **********) barəsində növbəti yoxlama açılmışdır. Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Gəncə Regional X10 İdarəsi tərəfindən 04.10.2021- 08.10.2021-ci il tarixlərində "xxxx" MMC-də yoxlama aparılmış və 08 oktyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola o, "xxxx" MMC-nin nümayəndəsi kimi imza atmışdır. Bundan sonra Yanğıntexniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 08.10.2021-ci il tarixli 3257 saylı qərar çıxarılmışdır. Qərara əsasən hüquqi şəxs "xxxx" MMC-yə aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün 30 gün vaxt verilmişdir. Gəncə Regional X10 İdarəsi tərəfindən müvafiq qanun pozuntularına yol verilmişdir. Belə ki, 25 fevral 2022-ci il tarixdə X5 qeydiyyatda olduğu ünvana Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən inzibati xəta haqqında cərimənin könüllü ödənilməsi ilə bağlı bildiriş daxil olmuşdur. O, icra idarəsində başlanılmış icraat haqqında maraqlandıqdan sonra məlum olmuşdur ki, Gəncə Regional X10 İdarəsi tərəfindən hüquqi şəxs barəsində tərtib olunan 08 oktyabr 2021-ci il tarixli ******* saylı protokol üzrə 22 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılaraq hüquqi şəxsin nümayəndəsi X8 vəzifəli şəxs kimi 100 manat cərimə edilmiş və cərimənin ödənişini təmin etməkdən ötrü Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edilmişdir. Bundan sonra şikayətçi öz adından 11 mart 2022-ci il tarixdə Gəncə Regional X10 İdarəsinə onun barəsində səhvən çıxarılan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xətanın hüquqi şəxs tərəfindən törədildiyi üçün inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsini xahiş etmişdir. Lakin həmin idarə şikayətçinin ünvanladığı məktuba 30 mart 2022-ci il tarixdə "xxxx" MMC-nin ünvanına cavab məktubunu yazaraq cərimənin düzgün olduğunu, şikayət vermə müddətin ötürüldüyünü və İXM-nin müvafiq olaraq 18.3 və 57-ci maddələrini düzgün olmayan qaydada şərh etmişdir. Bununla da, Gəncə Regional X10 İdarəsi tərəfindən kobud qanun pozuntusuna yol verilmişdir. Birincisi, inzibati xəta haqqında protokol hüquqi şəxs "xxxx" MMC barəsində tərtib olunduğu üçün inzibati xəta haqqında işdən məlum olur ki, inzibati xətanı məhz hüquqi şəxs törədib. Hüquqi şəxs barəsində inzibati tənbeh vermə hüququ isə yalnız məhkəməyə məxsusdur. İdarə isə inzibati xəta haqqında iş üzrə materialları baxılması üçün məhkəməyə göndərilməsi əvəzinə əsassız olaraq hüquqi şəxsin nümayəndəsi X8 barəsində qərar çıxarmış və qərarın icrası üçün İcra İdarəsinə müraciət etmişdir. İkincisi, ümumiyyətlə inzibati tənbeh vermə haqqında 22 oktyabr 2021-ci il tarixli ******* saylı qərar şikayətçinin ünvanına rəsmi qaydada təqdim edilməmişdir. Qeyd olunan qərar yalnız hüquqi şəxsin nümayəndəsi kimi hüquqi şəxsin ünvanında təqdim edilmişdir. Hüquqi şəxslər tərəfindən törədilən inzibati xətalar üzrə işlərə yalnız məhkəmələr tərəfindən baxılmalı və inzibati tənbeh verilməlidir. Qanunvericiliyin tələbinə görə Gəncə Regional X10 İdarəsi hüquqi şəxs "xxxx" MMC barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolu baxılması üçün məhkəməyə göndərməli idi. Bu səbəbdən də idarə hüquqi şəxsin nümayəndəsini cərimə etməklə qanun pozuntusuna yol vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə Regional X10 İdarəsinin nümayəndəsi X4 bildirdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən Fövqəladə Hallar Nazirliyi X10 Xidməti tərəfindən plan üzrə hüquqi şəxs "xxxx" MMC barəsində növbəti yoxlama açılmış və 04.10.2021-ci il - 08.10.2021-ci il tarixlərində "xxxx" MMC-də yoxlama aparılmışdır. Yoxlamalar nəticəsində "xxxx" MMC-nin nümayəndəsi X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 08 oktyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 22 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla "xxxx" MMC-nin nümayəndəsi X8 100 manat inzibati cərimə edilmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə Regional X10 İdarəsinin nümayəndəsinin və şikayətçinin izahatını dinləyib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəmkir rayonu, Könüllü kəndi ərazisində yerləşən "xxxx" MMC-də yanğın təhlükəsizliyi qaydalarının pozulması aşkar edildiyi üçün "xxxx" MMC-nin nümayəndəsi X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X2 Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumatları reyestrindən çıxarışı”n surətindən görünür ki, "xxxx" MMC-də plan üzrə (növbəti) yoxlamaların aparılması nəzərdə tutulmuşdur. İş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli, 3257 saylı yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərardan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 33.2.2-ci və 32.2.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 24 aprel 2017-ci il tarixli 30 saylı əmrinin surətindən görünür ki, X8 24 aprel 2017-ci il tarixdən "xxxx" MMC-nin Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin Gəncə Regional X10 İdarəsi tərəfindən 04.10.2021- 08.10.2021-ci il tarixlərində "xxxx" MMC-də yoxlama aparılmış və nəticədə "xxxx" MMC-də yanğın təhlükəsizliyi qaydalarının pozulması aşkar edildiyi üçün "xxxx" MMC-nin nümayəndəsi (hüquqşunas) X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 08 oktyabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, 22 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş 24 aprel 2017-ci il tarixli 30 saylı əmrinin surətindən göründüyü kimi, X8 "xxxx" MMC-nin hüquqşunasıdır və o, yanğın təhlükəsizliyi qaydalarının qorunmasına məsul şəxs deyildir. İş faktiki hallarından göründüyü kimi X8 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanıldıqdan sonra qərar qəbul edilərkən Natiq Piriyev tərəfindən X5 yanğından məsul şəxs olmaması nəzərə alınmamış, sonuncu tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, 22 oktyabr 2021-ci il tarixli ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə Regional X10 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X8 barəsində səlahiyyətli şəxs Natiq Piriyevin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, yəni işə baxılaraq qərar qəbul edilərkən yanğına məsul şəxsi dəvət edlib dindirməklə həmin şəxs aydınlaşdırmamışdır. Belə olan halda, X5 şikayəti təmin edilməklə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə Regional X10 İdarəsinin 22 oktyabr 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə Regional X10 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə Regional X10 İdarəsinin 22 oktyabr 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidməti Gəncə Regional X10 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar