Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-329/2020 05.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərərçəkmiş şəxs Zeynalov Rövşən Bəhlul oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati iş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Nizami Rayon Polis idarəsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə VAZ 2107 markalı maşından dəyəri 400 manat təşkil edən maqnitafonu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə Gəncə şəhəri, Gülüstan qəsəbəsi 37 saylı binanın qarşısında Zeynalov Rövşən Bəhlul oğluna məxsus VAZ 2107 markalı, 20EH517 dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd 400 manat dəyərində Pioneer markalı maqnitofun naməlum şəxs tərəfindən oğurlanmış, həmin əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Sonradan Şəxs əməlini etiraf etmiş və onun tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə icalsında zərərçəkmiş şəxs Zeynalov Rövşən Bəhlul oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə özünə məxsus Vaz 2107 markalı avtomobilini yaşadığı binanın qarşısında saxlamışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında işə gedərkən, avtomobilin qapılarının açıq olduğunu və maqnitafonun oğurlandığını görmüşdür. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, ehtiyacı olduğu üçün oğurluq etmişdir. O, törətdiyi əmələ görə çox peşmandır, özü könüllü olaraq polis idarəsinə gəlib əməlini etiraf etmişdir, gələcəkdə bir də belə xətaya yol verməyəcəkdir. Oğurladığı maqnitafonu instaqram səhifəsində tanımadığı bir şəxsə satmışdır. O, təqsirini etiraf etdiyi nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin İTB-nə göndərilmişdir. - İnzibati xəta haqqında protokolun məzmunundan və Şəxs Nizami rayon Polis idarəsində verdiyi izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmiş, Gəncə şəhər, Gülüstan qəsəbəsində yerləşən binanın qabağında dayanmış olan VAZ 2107 markalı avtomaşından 1 ədəd PİONEER markalı maqnitafonu gecə saatlarında oğurlamışdır. O, həmin maqnitafonu tanımadığı şəxsə 150 manata satmışdır və etdiyi əməldən peşman olduğunu bildirmişdir. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 17:00-da tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs oğurluq etməsi, beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını və özünün könüllü təslim olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran halllar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2020-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-329/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-329/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver