Məhkəmə qərarları › İş №3(044)-329/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-329/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-329/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 04 fevral 2021-ci il tarixdə saat 18:30 radələrində xx.xx.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri Ə.Ü.Gəncəvi küçəsi, ev 216-da yaşayan X1 hüququ olmaqla, ayıq vəziyyətdə, etibarnamə ilə idarə etdiyi “X5 Prado” minik markalı ** XJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Ş.Bahəddin küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində hərəkətdə olub sola dönmə əməliyyatı yerinə yetirən zaman diqqətsizlik edərək H.Əliyev prospektində yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada 21.05.1969-cu ildə anadan olmuş İngiltərə vətəndaşı, Gəncə şəhəri, H.Əliyev küçəsi ev 31/43-də müvəqqəti yaşayan X7 ehtiyatsızlıqdan vuraraq sonuncunun sağ dirsək nahiyyəsinin əzilmiş yarası, sağ sarğı oma nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 09 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etdi. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 fevral 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 05 fevral 2021-ci il tarixli 160 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sağ dirsək nahiyəsinin əzilmiş yarası, sağ sarğı-oma nahiyəsinin yumşaq toxumaların əzilməsibərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 04.02.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 09 mart 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən X2 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. X2 məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36, 43, 48-51, 61, 73, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar