Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-347/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, şikayətçi X2 və onun müdafiəçisi X3 iştirakları ilə, X2 Gəncə şəhər DYPŞ-nin rəisi, polis polkovnik leytenantı X4 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsinəməhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər DYPŞ-nin rəisi, polis polkovnik leytenantı X4 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Sərxan Fərəcov şikayəti müdafiə edərək bildirdi ki, o, xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 150 manat cərimə edilmişdir. O, həmin qərarı əsassız və qanunsuz hesab edir. Çünki xx.xx.2017-ci il tarixdə o, işlədiyi müəssisənin yanında idarə etdiyi Ford Transit markalı, AZ **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən heç bir qayda pozuntusu törətmədiyi halda YPX inspektoru Xəyyam Əsgərov ona saxla işarəsi vermiş və o, da avtomobili yolun kənarında saxlamışdır. YPX inspektoru Xəyyam Əsgərov ona yaxınlaşaraq avtomobilin qabaq işıqlarına qanunsuz olaraq LED lampalar quraşdırdığını bildirmiş və sənədlərini tələb etmişdir. O, həmin işıqların avtomobil alınandan üzərində olduğunu, 1 ildən artıqdır avtomobili həmin işıqlarla idarə etdiyini və bu günə qədər həmin işıqlarla bağlı ona irad bildirilmədiyini, ondan əvvəlki sahibinin quraşdırdığını demişdir. Həmin vaxt YPX inspektoru avtomobilin müvəqqəti saxlama dayanacağına aparılacağını bildirmiş, o, da 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bundan sonra YPX əməkdaşı avtomobili müvəqqəti saxlama dayanacağına aparmış, o, həmin vaxt müştərilərin sifarişlərinin avtomobildə olduğunu, həmin sifarişləri vaxtında çatdırmayacağı halda onun işdən qovulmaq təhlükəsi olduğunu bildirmiş, lakin YPX əməkdaşları buna məhəl qoymayaraq barəsində inzibati protokol tərtib edərək avtomobili həmin gün dayanacaqda saxlamışlar. O, məcbur olub həmin sifarişləri taksi vasitəsi ilə ünvanlara çatdırmışdır. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə onun barəsində inzibati qərar qəbul edildikdən sonra o, avtomobilini dayanacaqdan götürmüşdür. Onun avtomobili 2010-cu il istehsalıdır, müasir avtomobillərdən olduğu üçün həmin avtomobil kustar üsulla hər hansı LED lampaların quraşdırılması mümkün deyildir. YPX əməkdaşı tərəfindən onun avtomobilinə quraşdırılmış lampanı istehsal edən ölkə, onun avtomaşına uyğun gəlib-gəlməməsi, texniki göstəriciləri yoxlanılmamış və nəticədə qanunsuz protokol tərtib edilmişdir. Buna görə də o, şikayətin təmin edilərək barəsində olan inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ YPX baş inspektoru Xəyyam Əsgərov şikayəti qəbul etməyərk bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində o, T.Arani küçəsində xidməti avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn Ford Transit markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanan qabaq işıqlarının normativə uyğun olmadığını, LED lampalar quraşdırıldığını görmüşdür. O, həmin avtomobilin yanında keçdikdən sonra geriyə manevr edərək həmin avtomobili saxlamış, sürücüyə yaxınlaşaraq qabaq işıqlarının normativə uyğun olmadığını bildirmiş, həmin işıqlara baxdıqda kustar üsulla quraşdırıldığını görmüş və sürücüdən sənədlərini tələb etmişdir. Sürücü, sonradan adını bildiyi Sərxan Fərəcov həmin işıqların avtomobili aldığı vaxtdan üzərində olduğunu və uzun müddətdir bu vəziyyətdə idarə etdiyini bildirmişdir. O, sürücüyə nasazlığı aradan qaldırmağı təklif etmiş, lakin sürücü razılaşmadığı üçün avtomobili müvəqqəti saxlama dayanacağına aparmışlar. X8 barəsində inzibati protokol tərtib edilmiş və sonuncu protokolla tanış olaraq imzalamışdır. Səhəri gün Sərxan Fərəcov dayanacaqda avtomobilin LED lampalarını standarta uyğun lampalarla əvəz etdikdən sonra onlar avtomobili dayanacaqdan buraxmışlar. Həmçinin xx.xx.2020-ci il tarixdə Sərxan Fərəcov barəsində inzibati qərar qəbul edilmiş və sonuncu həmin qərarı imza edərək tanış olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi halına yol verildiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmiş və X8 həmin protokolla tanış olduğunu qeyd edərək imzalamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İnzibati protokolu tərtib etmiş Xəyyam Əsgərov tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, Ford markalı, 20EG991 dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış, konstruksiyada nəzərdə tutulmayan LED işıqlar sökülərək çıxarılmış və avtomobilin sahibi Sərxan Fərəcov da həmin aktı imza etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərəkhesab edir ki, şikayət təmin edilməməlidir. Çünki şikayətçi Sərxan Fərəcov avtomobilindəki LED lampaların avtomobil istehsal edilərkən üzərində olduğunu bildirsə də, həmin lampaların avtomobilin konstruksiyasına uyğun olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin 3-cü hissəsinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda nasazlıq aradan qaldırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmçinin şikayətçi YPX əməkdaşı tərəfindən barəsində tərtib edilmiş inzibati protokolla razı olmadığını bildirsə də, inzibati xəta haqqında protokolda hər hansı vəsatət və ya etiraz qeyd etməmiş, protokolla razılaşaraq tanış olduğunu qeyd edib imzalamışdır. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X2 şikayəti əsassız olduğu üçün təmin edilməməli və barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. X5 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-347/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-347/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver