Məhkəmə qərarları › İş №3(044)-355/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-355/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-355/2020 25.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri NizamiRayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, icra məmuru X4 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi icra idarəsinə daxil olduqdan xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İcra sənədi icraata daxil olduqdan sonra tələbkar borclu ilə bir yerdə yaşadıqları müddətdə icra sənədinin icrasını tələb etməmiş, yalnız xx.xx.2020-ci il tarixdə borcludan ayrıldıqdan sonra xx.xx.2020-ci il tarixdə icra idarəsinə yaxınlaşaraq həmin sənədin icrasını tələb etmişdir. Tələbkar uzun müddət icra sənədinin icrasının tələb etməməsinin səbəbini onunla izah etmişdir ki, borclu ilə birlikdə yaşadıqları müddətdə sonuncu ona hədə-qorxu gəldiyi üçün o, aliment tələb etməmişdir. İcra sənədinin icrası əvvəl başqa icra məmurunda olmuşdur. Borclu Şəxs icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2020-ci il tarixdə verilmişdir. Hazırda borclunun tələbkara olan borcu 6240 manat təşkil edir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra borclu 1 aylıq aliment ödənişini, yəni 260 manatı ödəmişdir. Sonda icra məmuru tərtib edilmiş protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, onun aliment tələbi üzrə icra sənədindən məlumat olmamışdır. Çünki nikahın pozulması haqqında məhkəmə qətnaməsi çıxdıqdan sonra tələbkar onun evində onun valideynləri ilə birlikdə yaşamış və uşaqlarının bütün ehtiyacları onun tərəfindən ödənilmişdir. Onu xx.xx.2020-ci il tarixdə icra idarəsinə dəvət edərək 6240 manat aliment borcu olduğunu bildirərək həmin pulun bir dəfəyə ödənilməsini tələb etmişlər. O, isə bir dəfəyə həmin pulu ödəməyə maddi imkanı olmadığını, hər ay əmək haqqısına yönəldilərək ödəyə biləcəyini bildirmişdir. Onun icra sənədindən vaxtında xəbəri olsa idi, o, hər ay ödənişlərini vaxtında edə bilərdi. O, hazırda məlumatı olduqdan sonra aylıq 260 manat aliment ödənişini etmişdir. Sonda o, məhkəmə qərarına və icra məmurunun tələblərinə hörmətlə yanaşdığını və onların icrasından boyun qaçırmadığını nəzərə almaqla, inzibati məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar izahat verərək bildirdi ki, icra sənədi icraya yönəldikdən sonra o, borclunun evində sonuncunun valideynləri ilə birlikdə yaşamışdır. Həmin müddətdə borclu ona hədə-qorxu gəldiyi və onu döydüyü üçün o, qorxaraq aliment tələb etməmişdir. xx.xx.2020-ci il tarixdə o, borclunun evindən çıxdıqdan sonra icra idarəsinə müraciət etmişdir. O, icra idarəsinə müraciət etdikdən sonra borclu 260 manat ödəniş etmişdir. Hazırda o, aliment borcunun ödənilməsini, əks təqdirdə borclunun həbs edilməsini xahiş etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki icra sənədi icraya yönəldikdən sonra tələbkar alimentin ödənilməsi ilə bağlı icra idarəsinə müraciət etməmiş, borcluya icra sənədi və tələbin könüllü icrası barədə məlumat verilməmiş, yalnız 1 dəfə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq edilmişdir. Halbuki borcluya xx.xx.2020-ci il tarixdə tələbin könülü icrası barədə bildiriş verildikdən sonra o, aylıq aliment ödənişini, yəni 260 manatı ödəmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan və ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Çünki borclu məlumatı olduğu vaxtdan icra sənədini icra etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. İcra məmuru Şəxs təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Yenə də həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə görə maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Buna görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərilmiş 5 saat hüquqi yardıma görə müdafiəçi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil 1 saatı 6 manat olmaqla, cəmi 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 30 (otuz) manat məbləğində pul ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar