Məhkəmə qərarları › İş №3(044)-355/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-355/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-355/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1979-cu il tarixdə Daşkəs rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, N.Paşa küçəsi, ev 8 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 bildirdi ki, vətəndaş Şəxs Gəncə şəhər Azərbaycan Dövlət Aqrar Universitetinin yaxınlığında yüksəs səs ilə nalayiq ifadələr işlətdiyi üçün polis əməkdaşları ona yaxınlaşaraq nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Belə olan halda polis əməkdaşları Şəxs Gəncə şəhər 1-ci Polis şöbəsinə gətirib Növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 15 aprel 2022-ci il tarixdə qaynı Səbuhi ilə aralarında yüngül mübahisə baş vermişdir. Sonra onlar aralarındakı mübahisəyə son verərək normal sağollaşmışlar və o, Daşkəsən rayonuna getmişdir. O, sonradan polis əməkdaşlarının onu axtardığını eşitmiş və ona görə də özü Gəncə şəhəri 1-ci Polis şöbəsinə yaxınlaşmışdır. Onu Gəncə şəhər Azərbaycan Dövlət Aqrar Universitetinin yaxınlığında heç kim saxlamamış, o, ucadan səsküy salmamışdır. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X5 bildirdi ki, təxminən 3 gün əvvəl Şəxs ilə qaynı arasında mübahisə baş vermişdir. O, CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Raul Musayev ilə birlikdə xidməti ərazidə olarkən Gəncə şəhər Azərbaycan Dövlət Aqrar Universitetinin yaxınlığında Şəxs yüksək səslə danışdığını görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etmiş, onu nizam intizama dəvət etmişlər. Lakin, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Belə olan halda onlar Şəxs barəsində qanunamüvafiq tədbir görülməsi üçün Gəncə şəhər 1-ci Polis şöbəsinə aparıb növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X1 Səməd Vaqif oğlunun izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 510 və 535.1-ci maddələrinin dispozisiyaları ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin törədilməsi və polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun inzibati xətaları törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta haqqında protokol polis əməkdaşının raportu əsasında tərtib edilmiş, Şəxs inzibati xətaları törətməsində təqsirini sübuta yetirmək üçün inzibati araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətlərin yaranmaları üçün imperativ şərt olan “ictimai qaydanın pozulması”na və “polisin ictimai qaydanı mühafizə edərkən qanuni tələbinə qəsdən tabe olmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Polis sahə rəisi X11 Pirverdiyevin təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta hesab olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamainzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş tərkiblərin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 20.04.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar