Məhkəmə qərarları › İş №3(044)-356/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-356/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-356/2020 13.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə ictimai yerdə ucadan səs-küy salmaqla polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 11:35 radələrində Gəncə şəhəri Nizami küçəsində vətəndaş Şəxs özünü əvvəl polis əməkdaşı kimi daha sonra icra hakimiyyətinin işçisi kimi təqdim edərək vətəndaşlara tibbi maska taxmadığı üçün cərimələnəcəklərini bildirmiş, həmin ərazidə olan xanımlara yaxınlaşaraq onlardan mobil telefonlarının nömrələrini istəmiş və narahat etmişdir. Həmin ərazidə olan vətəndaşlar bu barədə polis əməkdaşlarına şikayət etmiş, polis əməkdaşları Şəxs yaxınlaşıb özlərini təqdim edərək sənədlərini tələb etmişlər, bu zaman Şəxs polis əməkdaşlarını əli ilə itələyərək oradan qaçmışdır. Bundan sonra polis əməkdaşları Şəxs arxasınca qaçaraq saxlamış, bu zaman sonun polis əməkdaşlarına müqavimət göstərərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 11:35 radələrində o, mağazaya maskasız girənlərə maska taxmağı tövsiyyə etmiş, əks halda cərimə olunacaqlarını bildirmişdir. Bundan başqa o, yoldan keçən qızlara iş təklif etmək məqsədilə öz nömrəsini vermişdir. Həmin qızlardan bir neçəsi onu həmin yerdə xidmətdə olan polis əməkdaşlarına şikayət etmiş və polis əməkdaşları ona yaxınlaşıb özünü təqdim edərkən o, polisdən qaçmağa çalışmışdır. Polis əməkdaşları onu saxlayaraq Nizami rayon polis idarəsinə apararkən o, qorxduğu üçün polis əməkdaşlarına tabesizlik göstərmişdir. O, etdiyi əməldən çox peşmandır, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəkdir. Sonda o, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DQ-nın hərbi qulluqçusu X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:35 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin XTB-in polis nəfəri polis serjantı X8 və Gəncə şəhər BPİ-in PPXT-un manqa komandiri polis baş serjantı X4 ilə birlikdə Gəncə şəhəri, Nizami küçəsində xidmətdə olan zaman adı sonradan onlara məlum olan Şəxs özünü Nizami küçəsində polis əməkdaşı kimi, İcra Hakimiyyətinin işçisi kimi təqdim edərək vətəndaşlara tibbi maska taxmadığı üçün cərimələnəcəklərini bildirmiş, həmin ərazidə olan xanımlara yaxınlaşaraq onlardan mobil telefonlarının nömrələrini istəmiş və narahat etmişdir. Həmin xanımlar polisə yaxınlaşaraq köməklik istədi və onlar həmin şəxsə yaxınlaşaraq özünü təqdim edib ondan niyə vətəndaşları narahat etməsini soruşan zaman həmin şəxs onu itələyərək oradan uzaqlaşmaq istəmişdir. Belə olan halda onlar həmin şəxsi saxlamış, o, ucadan səs-küy salaraq ətrafda olan insanların diqqətini özünə cəlb etməyə başlamışdır. Onlar ondan sakitləşməsini tələb etsələr də, o, öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Onlar Şəxs Nizami rayon Polis İdarəsinin növbəçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in PPXT-un manqa komandiri polis baş serjantı X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:35 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin XTB-in polis nəfəri polis serjantı X8 və DQ-ın hərbi qulluqçusu X3 ilə birlikdə Gəncə şəhəri, Nizami küçəsində xidmətdə olan zaman adı sonradan onlara məlum olan Şəxs özünü Nizami küçəsində polis əməkdaşı kimi, İcra Hakimiyyətinin işçisi kimi təqdim edərək vətəndaşlara tibbi maska taxmadığı üçün cərimələnəcəklərini bildirmiş, həmin ərazidə olan xanımlara yaxınlaşaraq onlardan mobil telefonlarının nömrələrini istəmiş və narahat etmişdir. Həmin xanımlar polisə yaxınlaşaraq köməklik istədi və onlar həmin şəxsə yaxınlaşaraq özünü təqdim edib ondan niyə vətəndaşları narahat etməsini soruşan zaman həmin şəxs onu itələyərək oradan uzaqlaşmaq istəmişdir. Belə olan halda onlar həmin şəxsi saxlamış, o, ucadan səs-küy salaraq ətrafda olan insanların diqqətini özünə cəlb etməyə başlamışdır. Onlar ondan sakitləşməsini tələb etsələr də o öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmamışdır. Onlar onu Nizami rayon Polis İdarəsinin növbəçi hissəsinə təhvil vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar