Məhkəmə qərarları › İş №3(044)-357/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-357/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-357/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 24.03.2021-ci il tarixdə Gəncə şəhəri, Şəmkir şossesində yerləşən “Hyundai Servis”də anbardar kimi işləyən Şəxs epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməmişdir. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, həqiqətən də o, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, o, Gəncə şəhəri, Şəmkir şossesində yerləşən “Hyundai Servis”də anbardar işləyir. 24.03.2021-ci il tarixdə o, işdə olarkən sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitədən istifadə etməmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 24.03.2021-ci il tarixli inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, 24.03.2021-ci il Gəncə şəhəri, Şəmkir şossesində yerləşən “Hyundai Servis”də epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında işin materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar