Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-367/2022 21.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 bildirdi ki, 20 aprel 2022-ci il tarixdə Gəncə şəhər Atatürk prospektində xidmət aparan baş inspektor Həsən Quliyev adı sonradan məlum olan Şəxs Gəncə şəhər Xan Bağı istirahət parkından keçərkən özünə məxsus mobil telefon ilə ucadan ünvansız nəlayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb etməsini görüb həmin şəxsə yaxınlaşaraq özünü ona təqdim edib ona qayda pozuntusunu izah etməklə sakitləşməsini tələb etmişdir. Lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş və belə olan halda polis əməkdaşı Həsən Qulıiyev həmin şəxsi Gəncə şəhər 1-ci polis şöbəsinə gətirib NH-yə təhvil vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, o, ikinci qrup əlildir. O, 20.04.2022-ci il tarixdə saat 19 radələrində Xan Bağında olmamış, heç kəsə mobil telefonla zəng etməmiş, mobil telefonu polsi əməkdaşlarında olmuş, heç bir xəta törətməmişdir. 20 aprel 2022-ci il tarixdə onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati protokola baxılması üçün onu Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə gətirmişlər, məhkəmədə işə baxılaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Bundan sonra polis əməkdaşları onu sərbəst buraxmamış, yenidən polis şöbəsinə apararaq gecəni orada saxlamışlar. Bu gün, yəni 21.04.2022-ci il tarixdə polis əməkdaşları onun barəsində yenidən İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol edərək ona boş vərəqlərə imza etdirmişlər. Onun heç bir günahı yoxdur. Sonda o, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İTB-nin XÜ baş inspektoru, baş polis leytenantı X2 məhkəmə iclasında şahid kimi izahat verərək bildirmişdir ki, 20 aprel 2022-ci il tarixdə Gəncə şəhər Atatürk prospektində xidmətdə olan zaman adı sonradan məlum olan Şəxs Gəncə şəhər Xan Bağı istirahət parkında özünə məxsus mobil telefon ilə ucadan ünvansız nəlayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb etməsini görüb həmin şəxsə yaxınlaşraq özünü ona təqdim etmiş, ona qayda pozuntusunu izah etməklə sakitləşməsini tələb etmişdir. Lakın Şəxs onun qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş və belə olan halda o, həmin şəxsi Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirib NH-yə təhvil verdim vermişdir. İş materiallarına əlavə edilmiş 20.04.2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 20.04.2022-ci il tarixdə, saat 19:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 510 və 535.1-ci maddələrinin dispozisiyaları ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin törədilməsi və polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun inzibati xətaları törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İnzibati protokol polis əməkdaşının raportu əsasında tərtib edilmiş, 02 gün inzibati qaydada tutulmasına baxmayaraq Şəxs inzibati xətaları törətməsində təqsirini sübuta yetirmək üçün inzibati araşdırma aparılmamışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, raportda və protokolda Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğu, polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, sonuncunun ictimai qaydanı pozması və ictimai qaydanı mühafizə edən polisin qanuni tələbinə tabe olmaması hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) ilə təsdiq edilmir. Şəxs həmin vaxt barəsində olan inzibati protokola baxılaraq məhkəmədən azad edilməli olduğu halda, yenidən polis şöbəsinə aparılaraq saxlanıldığı, barəsində təkrar inzibati protokol tərtib olunduğu müəyyən olunur. Şəxs həqiqətən də ictimai qaydanı pozması və polis əməkdaşının tələblərinə tabe olmadığı öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibinin olması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətlərin yaranmaları üçün imperativ şərt olan “ictimai qaydanın pozulması”na və “polisin ictimai qaydanı mühafizə edərkən qanuni tələbinə qəsdən tabe olmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta hesab olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamainzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş tərkiblərin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 20.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-367/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-367/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver