Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-368/2021 20.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, X4 və onun vəkili X3 iştirakı ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin polis bölməsinin 11 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 11 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Gəncə şəhər Nizami Rayon Polis İdarəsi polis bölməsinin 11 fevral 2021-ci il tarixli MN ******* No-li inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN Gəncə şəhər Nizami Rayon Polis İdarəsi polis bölməsinin 11 fevral 2021-ci il tarixli MN ******* Ne-li inzibati tənbeh vermə haqqında qərarı tam əsassız və qanununsuzdur. Belə ki, inzibati xəta haqqında protokol hadisə yerində tərtib edilməmişdir. Protokol polis bölməsində sahə rəisi tərəfindən iş otağında tərtib olunmuş və hadisənin tam əks etdirmir. Beləliklə, o həmin tarixdə Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkında məşqçi və idman yoldaşları ilə birlikdə məşq edirdi. Əynini dəyişmə yerinə getdikdə polis nəfərləri onu və onunla birlikdə məşq edən uşaqları saxladılar və bölməyə apardılar. Bölmədə ona polislər birdirdilər ki, əgər izahatında maska taxmadığını etiraf etməsə onu inzibati qaydada həbs edəcəklər. O əzyiq və təsir altında etirafedici izahat yazmışdır. Bundan başqa, inzibati xəta haqqında qərarda xətanın törədildiyi yer göstərilməmişdir. Orada yalnız inzibati xətanın törədildiyi məkan göstərilmişdir. Məhkəmə iclasında iştirak edən X8 və onun vəkili X2 şəhər Nizami rayon Polis İdarəsinin polis bölməsinin 11 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə məhkəmə iclasına çağrılmış, lakin gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - 11 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən 11.02.2021-ci il tarixdə, saat 12:25 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində açıq havada təkrar olaraq qoruyucu tibbi masqadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğuna görə X8 barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11.02.2021-ci ildə saat 12.25-də Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində açıq havada təkrar olaraq qoruyucu tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətin məzmunundan görünür ki, şikayətçinin xahişi qərarın ləğvinə yönəlmişdir. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, 11 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün inzibati orqana göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi X8 barəsində 11 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarı ona görə qəbul edilmişdir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsində təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardan biri, inzibati xəta hadisəsinin (inzibati xəta törədilmişdirmi) müəyyən edilməsindən ibarətdir. Əvvəlcə məhkəmə onu qeyd edir ki, qeyd edilən hüquq normalarının tələbləri baxımından aydınlaşdırılması zəruri olan ilkin məqam ondan ibarət olmalıdır ki, X4 inzibati xətaya səbəb olması protokollaşdırılan əməllə inzibati xəta hadisəsi baş vermişdirmi, yəni inzibati xəta törədilmişdirmi? Bu sual ətrafında hüquqi dəyərləndirmə aparmağa başlamazdan öncə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir . İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsas şərti səlahiyyətli orqan tərəfindən protokolun tərtib edilməsidir. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə əsas sübut inzibati xəta haqqında protokoldur. Həmin protokolla müəyyən edilir ki, X8 açıq havada fərdi qoruyucu vasitə hesab edilən tibbi maskadan istifadə etməmişdir. İnzibati Xətalar Məcəlləsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddi hüquq norması ilə fiziki şəxs o halda inzibati məsuliyyətə cəlb edilə bilər ki, fiziki şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 451 nömrəli qərarı nın 1-ci bəndi ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi qərara alınmışdır. İnzibati xəta haqqında protokoldan isə qeyd edilən açıq havadakı yerin ictimai yer olub-olmaması müəyyən edilmir. Göründüyü kimi qərarla yalnız ictimai yerlərdə fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsinin məcburiliyi göstərilmişdir. Buna baxmayaraq Gəncə şəhər Nizami Rayon Polis Bölməsi həmin yerin ictimai yer olub-olmamasını müəyyən etmədən fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üzrə kifayət qədər araşdırma aparılmamış, işin faktiki hallarına hüquqi qiymət verilmədən, sübutlara əsaslanmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə aparılmışdır. Odur ki, Gəncə şəhər Nizami rayon Polis Bölməsinin rəisinin 11 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 ,135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində Gəncə şəhər Nizami rayon Polis Bölməsinin polis rəisi, X5 tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinin polis bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-368/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-368/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver