Məhkəmə qərarları › İş №3(044)-369/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-369/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-369/2021 20.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, X6, Göygöl rayon Polis Şöbəsinin YPX-nin nümayəndəsi X7 iştirakı ilə, X1 Göygöl rayon Polis Şöbəsinin YPX-nin 17.02 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 Göygöl rayon Polis Şöbəsinin YPX-nin, 17.02 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 01.02.2021-ci il tarixdə Göygöl rayon Quşqara yolu istiqamətində hərəkət edərkən, Göygöl rayon Yol Patrul xidməti inspektoru polis baş seryantı X11 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.4-cü maddələrinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə və bitərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə 100 manat məbləğində cərimə tətbiq olunmuşdur.Göstərilən hadisə Göygöl rayonu ərazisində baş verdiyi üçün Göygöl rayon polis şöbəsində baxılmasını xahiş etmişəm. Lakin verilən şikayətə mənim iştirakım olmadan və mənə xəbər edilmədən Göygöl rayon Yol Polis şöbəsində baxılmış və qərar verilmişdir. Bildirir ki, protokol tərtib edilən yerdə 2-ci dərəcəli yoldan 1-ci dərəcəli yola çıxarkən yol ayrıcında hərəkət istiqamətini müəyyən edən nişan yox idi və heç vaxt olmamışdır. Mövcud olan yol ver nişanı isə düzgün quraşdırılmamağına baxmayaraq, o yenə də yol ver nişanının tələblərini gözləmiş və ondan sonra hərəkət etmişdir. Bundan əlavə o əsas yolla deyil, Kia servisin qarşısına dönmə əməliyyatını aparan kimi dayanmış və burada bir tərəfli yolda nəqliyyat axınının hərəkəti istiqamətinə hərəkət etməmişdir. Bundan əlavə ikinci xəta kimi nəqliyyat vasitəsini təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyinə görədə əlavə olaraq, cərimə yazılmışdır. Bildirir ki, göstərilən xəta ilə də razı deyildir və o hər zaman təhlükəsizlik kəmərindən istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən X5 rayon Polis Şöbəsinin YPX-nin 17.02 2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən Göygöl rayon Polis Şöbəsinin YPX-nin nümayəndəsi X11 məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, mübahisələndirilən yol nişanının düzgün quraşdırılmamasından onun xəbəri yoxdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərin isə inzibati xəta hadisəsi baş vermiş ərazi olmasını məhkəməyə bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - 17.02 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 nəqliyyat vasitəsini istifadə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən və bir tərəfləi hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 327.4-cü maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; - 01.02.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onların izahatlarını iş materialları ilə qarşılıqlı şəkildə araşdıraraq belə hesab edir ki şikayət təmin edilməli, Göygöl rayon Polis Şöbəsinin YPX-nin 17.02 2021-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X8 Azərbaycan Respublikası İXM-nin 329.1-ci, 327.4-cü maddələri ilə təqsirli bilinərək İXM-nin 327.4-cü maddəsi ilə 100 manat məbləğində inzibati qaydada tənbeh edilmişdir. X4 vəzifəli şəxsin qərarından Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verib qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə bu qənaətə gəlir ki, X6 əməlində inzibati xəta tərkibi olmadığından Göygöl rayon YPX-nin 17.02.2021-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, X8 İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin maddə ilə isə fiziki şəxs o halda inzibati məsuliyyətə cəlb edilir ki, fiziki şəxs birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş olsun, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş olsun. Hazırki işin hallarından isə görünür ki, X8 ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, o bir tərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. Məhkəmə hesab edir ki, öncə X6 hərəkət etdiyi yolun bir tərəfli hərəkət yolu olub-olmaması araşdırılmalıdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yol hərəkəti xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur. Həmin Qanunun 61-ci maddəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. Müxtəlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır. İş materiallarında olan fotoşəkildən görünür ki, inzibati xəta törədilməsi ehtimal edilən ərazidə quraşdırılmış yol nişanı özündə hər hansı işarəni əks etdirmir. Belə ki, həmin nişan nə xəbərdarlıq, nə üstünlük, nə qadağan, nə məcburi hərəkət istiqaməti göstərən, nə də məlumatverici göstəricidir. Məhkəmə iclasında iştirak edən YPX-nin əməkdaşı həmin ərazidə əslində 2.4(yol verin) nişanının olmasını bildirmiş və nişanın səhvən çevrilmiş formada quraşdırlmasından məlumatsız olmasını qeyd etmişdir. Eyni zamanda işdə olan materiallarda 5.5 birtərəfli yol nişanının da quraşdırılması müəyyən edilməmişdir. Hər qrupa daxil edilmiş yol nişanları öz təyinatına uyğun olaraq tətbiq edilməklə yollarda sürücülər və başqa hərəkət iştirakçıları arasında anlaşılmazlıqları, çaşqınlıqları istisna edir, təhlükəsiz, fasiləsiz və rahat hərəkəti təmin edir.Yol nişanının səhvən quraşdırılması isə sürücünün təqsiri ucbatından baş vermədiyindən onun haqlı çaşqınlığı nəticəsində inzibati xəta hadisəsi törədilsə də belə bu kimi hal onun inzibati məsuliyyətə cəlb edilməsi ilə nəticələnə bilməz. Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın 8-ci maddəsinin 4-cü bəndinə əsasən səlahiyyətli orqanların nişan və işarənin mənasının izah olunmasını və yaxud onların qüvvədə olma müddətini məhdudlaşdırılmasını zəruri hesab etdikləri hallarda, tələb olunan göstərişlər bu Konvensiyanın İ əlavəsinə uyğun olaraq yazı ilə nişanda və ya əlavə lövhəcikdə yerləşdirilə bilər. Göründüyü kimi fotoşəkildə əks edilmiş nişan yol nişanları qrupuna daxil olmamasına baxmayaraq səlahiyyətli orqanlar nişan və işarənin mənasının izah olunmasına dair nişanda və ya əlavə lövhəcikdə hər hansı yazı yerləşdirməmişlər. Nəticədə bu hal yol hərəkəti iştirakçısı olan sürücüdə çaşqınlıq yaradaraq onun əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0-cı maddəsində qeyd edilmişdir ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda və.s. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);. inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12, 53, 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Göygöl rayony Yol Patrul Xidməti X2 17.02 2021-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar