Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-369/2022 23.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bahəddin küçəsi, döngə 1, ev 17-də qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 227-ci maddəsi ilə Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs 11.03.2022-ci il tarixdə saat 07:30 radələrindən saat 18:30 radələrinədək olan müddət ərzində ünvan 1 ünvanda yaşayan vətəndaş X2 yaşadığı evin zirzəmisindən ümumi dəyəri 90-95 manat olan 2 ədəd alüminium qazanı, 2 ədəd böyük 1000 voltluq lambuçkaları, 10 metr uzunluğunda alüminium naqili, keks qabını və əl ilə işləyən ətçəkən maşını oğurlamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar 23 aprel 2022-ci il tarixdə aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Şəxs xırda talama, yəni oğurluq yolu ilə özgənin əmlakını talama inzibati xətasını törətməkdə təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərədə tutulan əməllərə görə inzibati məsuliyyət o hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X3 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs 11.03.2022-ci il tarixdə saat 07:30 radələrindən saat 18:30 radələrinədək olan müddət ərzində ünvan 1 ünvanda yaşayan vətəndaş X2 yaşadığı evin zirzəmisindən ümumi dəyəri 90-95 manat olan 2 ədəd alüminium qazanı, 2 ədəd böyük 1000 voltluq lambuçkaları, 10 metr uzunluğunda alüminium naqili, keks qabını və əllə işləyən ətçəkən maşını oğurlayaraq, xırda talama etmişdir. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, 11.03.2022-ci il tarixdə gündüz saatlarında Gəncə şəhəri Ə.Hüseynzadə küçəsi ilə keçən vaxt ətrafda heç kimin olmaması onun diqqətini çəkmiş və o, həmin küçənin döngəsində yerləşən evin zirzəmisinə daxil olub oradan alüminium qazan, qab, ətçəkən maşın, lambuçkanı götürüb ordan uzaqlaşmış, həmin əşyaları Sevinc qəsəbəsində tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pul ilə öz tibbi ehtiyacını ödəmişdir. Əməlindən peşmandır, ona görə də məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğurluq edərək xırda talama etmişdir. İş materiallarında olan 19 mart 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi”haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 22 aprel 2022-ci il tarixdə 20:00-da tutulmuşdur. İş materiallarından məlum olur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinə əsasən 22 aprel 2022-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə hərəkətindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona ictimai işlər növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ona 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-369/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-369/2022
23.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver