Məhkəmə qərarları › İş №3(044)-373/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-373/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-373/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 25.04.2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 05.03.2022-ci il tarixdə saat 14:0-da yaşadığı ünvan 1 ünvanda atası Zərərçəkmiş şəxs ilə mübahisə edib, onu döyərək xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 izahat verərək bildirmişdir ki, 25.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu cinayət işinin rədd qərarı əsasında tərtib etmiş, 05.03.2022-ci il tarixdə saat 14:0-da Şəxs atası Zərərçəkmiş şəxs ilə mübahisə edib, Zərərçəkmiş şəxs AR DİN 102 xidmətinə oğlu tərəfindən döyüldüyü ilə bağlı müraciət edib, lakin araşdırma zamanı evdə olan şahidlər onların arasında sadəcə mübahisə olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, 05.03.2022-ci il tarixdə o, atası ilə evdə mübahisə etmişlər, onların müahisəsinə səbəb onun yaşadıqları ünvan 1 evi satıb ayrı-ayrı evlər alıb, ayrı yaşamaq təklifi olmuşdur. O, həmin gün atası ilə mübahisə edib, daha sonra evdən getmiş, atasının bildirdiyi kimi heç bir xəsarət hadisəsi olmmaışdır. Odur ki, məhkəmədən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsinə dair qərar qəbl edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs onun oğludur, o, oğlu ilə birlikdə eyni ünvanda yaşayır. Oğlu Mikayıl mütamadi olaraq yaşadığı ünvanda spirtli içkilər qəbul edir və evdə münaqişə yaradır. 05.03.2022-ci il tarixdə saat 14 radələrində oğlu Şəxs yenə spirtli işki qəbul edərək yaşadığı ünvanda onunla mübahisə edərək nalayiq ifadələrlə onu təhqir etmiş, mübahisənin səbəbi isə Mikayıl yaşadığı evi ona verməyini istəməsi və həmin evi satmaq istəməsi olmuşdur. Mikayıl həmin vaxt onu yumruqla vurmuşdur. Sonda o, Mikayılın barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.03.2022-ci il tarixli qərarda qeyd edilmişdir ki, Şəxs 05.03.2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri A.M.Əhmədov küçəsi, ev 51-də atası Zərərçəkmiş şəxs ilə mübahisə edib onu döyməklə,Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsinin dispozisiyaları ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyməsi sübuta yetirilməmiş, onun inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İnzibati protokol cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.03.2022-ci il tarixli qərar əsasında tərtib edilmiş, Şəxs inzibati xətanı törətməsində təqsirini sübuta yetirmək üçün inzibati araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün imperativ şərt olan “döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Polis sahə rəisi Ramil Həsənov Şəxs təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində 25.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar