Məhkəmə qərarları › İş №3(044)-377/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-377/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-377/2022 16.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, X1 iştirakı ilə, X3 Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 23 iyul 2021-ci il tarixli, 174/21 saylı inzibati xəta haqqında iş üzrə qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 23 iyul 2021-ci il tarixli, 174/21 saylı inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 23 iyul 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. O, qeyd olunan qərarı əsassız hesab edir. Beləki, həmin qərarda göstərilmişdir ki, onun tərəfindən Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsində nəzərdə tutulmuş qaydada tikintiyə icazə sənədi olmadan tikinti işi aparmışdır. Qeyd edir ki, tikinti aparılmış sahə ona məxsus torpaq sahəsidir və oan məxsus torpaq sahəsində tikinti işləri aparmaq və tikinti işləri bitdikdən sonra layihə işləri aparmaq onun subyektiv hüququdur. Həmçinin özü şəhid ailəsidir və şəhid ailəsi kimi bu günkü gündə ağır maddi durumda 400 manat məbləğində cərimə edilməyi onu ağır maddi vəziyyətə salır. Bu baxımdan hesab edir ki, inzibati tənbehə dair qərar ləğv edilməli və barəsində olan inzibati xətaya xitam verilməlidir. Özü şəhid ailəsi üzvü olduğundan və hazırda əsassız olaraq inzibati tənbehə məruz qalmağı onu ağır maddi duruma salır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında iş üzrə qərarı nəzərdən keçirib, şikayətçinin izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X3 barəsində tərtib edilmiş 23 iyul 2021-ci il tarixli, 174/21 saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X4 Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsində nəzərdə tutulmuş qaydada tikintiyə icazə sənədi olmadan tikinti işi aparmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 şikayətində inzibati xəta haqqında iş üzrə qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə, X3 barəsində tərtib edilmiş 23 iyul 2021-ci il tarixli, 174/21 saylı inzibati xəta haqqında iş üzrə qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X3 Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş 23 iyul 2021-ci il tarixli, 174/21 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş 23 iyul 2021-ci il tarixli, 174/21 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş 23 iyul 2021ci il tarixli, 174/21 saylı inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar