Məhkəmə qərarları › İş №3(044)-379/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-379/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-379/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhəri Baş Polis İdarəsinin 1-ci polis şöbəsindən daxil olmuş inzibati iş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə Şəhəri Baş Polis İdarəsinin 1-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 28.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və raportda göstərilmişdir ki, Şəxs 24.04.2022-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, T.Bayramov küçəsində ünvansız evdə yaşayan Zərərçəkmiş şəxs məxsus evin həyətindən 300-400 manat dəyərində olan 4 tonluq su çənini oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-də 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. Ona 01 ay vaxt verilərsə dəymiş ziyanı ödəyəcəkdir. O, əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, 24.04.2022-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, T.Bayramov küçəsində ünvansız evdə yaşayan Zərərçəkmiş şəxs məxsus evin həyətindən 300-400 manat dəyərində olan 4 tonluq su çəni oğurlanmış, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan inzibai qaydada tədbir görülməsi üçün qərarın surəti 1-ci PŞ-nin İTB-yə göndərilmişdir. - “İnzibati qaydada tutma haqqında” 27.04.2022-ci il tarixli il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, onun özünün etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, himayəsində 2 azyaşlı uşağı olmasını, məsuliyyəti ağırlaşdıran halların mövcud olmadığını nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində tərtib olunmuş protokol üzrə İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli tutulduğu 27.04.2022-ci il tаrixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 27.04.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar