Məhkəmə qərarları › İş №3(044)-381/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-381/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-381/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X7 iştirakları ilə, xx xxx 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi sahibkarlıqla məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2011-ci il tarixli, 2(044)- 1118/2011 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 4150 (dörd min yüz əlli) manat alınaraq tələbkar X2 xeyrinə, Gəncə Apelyasiya Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(104)-3247/2019 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 58.780 (əlli səkkiz min yeddi yüz səksən) manat tutularaq tələbkar X3 xeyrinə, Gəncə Kommersiya Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-2(115)-32/2020 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 1399513.89 (bir milyon üç yüz doxsan doqquz min beş yüz on üç manat, səksən doqquz qəpik) manat tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2011-ci il tarixli, 2(044)-1118/2011 saylı, Gəncə Apelyasiya Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(104)-3247/2019 saylı və Gəncə Kommersiya Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-2(115)-32/2020 saylı icra sənədlərinin icrası ona tapşırılmışdır. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq, o, icra sənədində göstərilən borcunu ödəməmişdir. Buna görə də borclu Şəxs barəsində 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN №1054707 nömrəli protokol tərtib edilmişdir. Onun və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları X8, "xxxx" MMC-nin nümayəndəsi X1, hal şahidləri X4 və X6 iştirakı ilə "xxxx" MMC-nin Gəncə şəhəri, Gülüstan massivində yerləşən sahəsinə baxış keçirilmiş və MMC-yə məxsus sahədə yarımtikililər, qaldırıcı yük kranı aşkar olunmuş və müvafiq sənədlər təqdim olunduqdan sonra tələb həmin əmlaklara yönəldiləcəkdir. Borclunun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, "xxxx" MMC-yə 2020-ci ildən rəhbər təyin olunmuşdur. Hazırda "xxxx" MMC maliyyə çətinliyi səbəbi ilə fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. "xxxx" MMCnin tələbkarlara qarşı yaranmış borcu o, "xxxx" MMC-yə rəhbər təyin olunmamışdan əvvəlki dövrə təsadüf edir. O, 2022-ci ilin aprel ayından "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəsindən azad edilmişdir. Onunla iş adamı X10 arasında bağlanmış 05.05.2022-ci il tarixli sazişə əsasən, "xxxx" MMC-nə məxsus olan 7136 kvm olan qeyri-yaşayış sahəsinə dair 4.500.000 dəyərində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən qeyri-yaşayış binası tam təmir edilib ona təhvil verilməli və o, da binadakı evləri vətəndaşlara satıb pulunu tələbkarlara ödəməlidir. Bundan başqa "xxxx" MMC-nin Gəncə şəhəri, Gülüstan massivində yerləşən sahəsində MMC-yə məxsus sahədə yarımtikililər, qaldırıcı yük kranı icra məmurları tərəfindən aktlaşdırılmış və tələb həmin əmlaklara yönəlməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X11 məhkəmədən iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi dinləyib, icra işinin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin 30 noyabr 2011-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2011-ci il tarixli, 2(044)-1118/2011 saylı icra sənədi üzrə icraata başlanılmış, 07 fevral 2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2(104)-3247/2019 saylı icra sənədi üzrə icraata başlanılmış, 18 mart 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2- 2(115)-32/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və 30.11.2011-ci il, 07.02.2020-ci il və 18.03.2021-ci il tarixlərdə borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 29 aprel 2022-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları X5, X8, "xxxx" MMC-nin nümayəndəsi X1, hal şahidləri X4 və X6 iştirakı ilə "xxxx" MMC-nin Gəncə şəhəri, Gülüstan massivində yerləşən sahəsinə baxış keçirilmiş və MMC-yə məxsus sahədə yarımtikililər, qaldırıcı yük kranı aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi vəzifəsindən azad olunmuşdur. 05.05.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, X10 ilə Şəxs arasında bağlanmış 05 may 2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Xanlar avtomobil yolunun sol tərəfində inşa edilmiş yüksəkmərtəbəli yaşayış binası və ticarət obyektlərindən ibarət tikililərin (bundan sonra bina kompleksi) layihəyə uyğun təmir-tikinti işlərinin tamamlanması, təhvil verilməsi və hazır sahələrin satılması, xərclərin və gəlirlərin bölgüsü ilə bağlı öhdəlikləri, hüquq və vəzifələrinin həyata keçirilməsi, qeyri-yaşayış sahəsi üzrə: 7.136 kv.m qeyri-yaşayış sahəsindən əvvəllər barəsində ilkin müqavilə tərtib edilməklə özgəninkiləşdirilmiş 2.074 kv.m. sahə çıxılmaqla yerdə qalan 5.062 kv.m. hissəsinin 1 kv.m. qiyməti 1.500 manat hesabı ilə qeyri-yaşayış sahəsinin sərbəst hissəsi 7.593.000 manat təşkil edir. Satışa getməyib sərbəst qalmış sahələrin satışından daxil olacaq cəmi 17.797.800 (9.204.800+7.593.000+1.000.000) manat həddə müəyyənləşdirilmiş 4.500.000 manatın qaytarılmasına yönəldəcəkdir. Yerdə qalan 13.297.800 (17.797.800-4.500.000) manat məbləğ (Menman Nəcəfovun qardaşı X16 "xxxx" ASC-də olan səhmlər və onlara hesablanmış divedentlər nəzərə alınmaqla 9.300.000) müqavilə tərəfləri arasında 70/30 (Mehman Nəcəfova 70%, yəni 9.308.460 manat, Şəxs 30%, yəni 3.989.340 manat) hesabla bölünür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar