Məhkəmə qərarları › İş №3(044)-382/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-382/2022

30.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-382/2022 30.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Gəncə şəhəri, Nizami küçəsi, ev 239, mənzil 216 ünvanda qeydiyyatda olan və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 13, mənzil 6-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 29 aprel 2022-ci il tarixdə saat 21:45 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 48 saylı binanın blokunnan X2 azyaşlı övladına məxsus 1 ədəd 300 (üç yüz) manat dəyərində “Eurostar” markalı velosipedi oğurlayaraq xırda talama etmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən 30 aprel 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs 29 aprel 2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 48 saylı binanın blokunnan X2 azyaşlı övladına məxsus 1 ədəd 300 (üç yüz) manat dəyərində “Eurostar” markalı velosipedi oğurlamışdır. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 29 aprel 2022-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 48 saylı binada yaşayan tanışı Natiq adlı şəxsin evinə getmişdir. Həmin vaxt 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinə qalxmış, tanışı Natiqin evinin qapısını döymüş, lakin Natiqin evində heç kim olmadığı üçün qapını açan olmamışdır. Həmin vaxt o, 8-ci mərtəbədə blokda bir ədəd velosipedin olduğunu görmüş, velosiped xoşuna gəldiyi üçün sürmək məqsədi ilə onu götürüb pilləkənlərlə binanın qarşısına düşürtmüşdür. Binanın qarşısında götürdüyü velosipedi sürüb oradan uzaqlaşmaq istəsə də velosipedin sepi olmadığı üçün sürüb uzaqlaşa bilməmişdir. Blokun qarşısında velosipedin yanında duran zaman velosipedin sahibi İsa adlı şəxs gəlib onu saxlamış və polisə məlumat vermiş, polis əməkdaşları gəlib onu Gəncə şəhər Baş Polis İdarəsinin Polis bölməsinə dəvət etmişlər. O, tutduğu əməldən peşmandır. Ona görə də məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 30 aprel 2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 aprel 2022-ci il tarixdə saat 21:45 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 48 saylı binanın blokunnan X2 azyaşlı övladına məxsus 1 ədəd 300 (üç yüz) manat dəyərində “Eurostar” markalı velosipedi oğurlamışdır. İş materiallarında olan 30 aprel 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 29 aprel 2022-ci il tarixdə saat 21:45-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materialı və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Şəxs xırda talama, yəni oğurlama yolu ilə özgənin əmlakını talama inzibati xətasını törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-in 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzər alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda gostərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 180 (yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar