Məhkəmə qərarları › İş №3(044)-395/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-395/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-395/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X1, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami RPİ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X4 iştirakı ilə, xx xxxxxxxx 2004-cü il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 9-cu döngə, 1-ci dalan, ev 10-da qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, xx xxxx 2021-ci il tarixdə Gəncə şəhəri, M.Hacıyev küçəsi ev 13A, mənzil 33də yaşayan vətəndaş X5 məxsus “VAZ-21015” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd “Pioneer” markalı maqnitofon, 1 ədəd səsgücləndirici və 240 manat nəğd pul oğurlayaraq xırda talama etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar xx xxxxx 2021-ci il tarixdə aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Şəxs xırda talama, yəni özgənin əmlakını talama inzibati xətasını törətməkdə təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərədə tutulan əməllərə görə inzibati məsuliyyət o hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib etmiş Gəncə şəhəri Nizami RPİ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X11 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs, xx xxxx 2021-ci il tarixdə Gəncə şəhəri, M.Hacıyev küçəsi ev 13A, mənzil 33-də yaşayan vətəndaş X5 məxsus “VAZ-21015” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd “Pioneer” markalı maqnitofon, 1 ədəd səsgücləndirici və 240 manat nəğd pul oğurlayaraq xırda talama etmişdir. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirdi ki, 2-ci qrup Qarabağ əlilidir. Gəncə şəhəri, M.Hacıyev küçəsi ev 13A, mənzil 33-də yaşayır. xx xxxx 2021-ci il tarixdə axşam saatlarında yaşadığı mənzilin qarşısında özünə məxsus “VAZ-21015” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. xx xxxx 2021-ci il tarixdə ona məlum olmuşdur ki, avtomobilində olan 1 ədəd “Pioneer” markalı maqnitofon, 1 ədəd səsgücləndirici və 240 manat nəğd pul oğurlanmışdır. Bu barədə polisə müraciət etmiş, aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, xırda talama edən şəxs Şəxsdur. Ona dəymiş ziyanın ödənilməsini istəyir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə izahat verərək bildirdi ki, xx xxxx 2021-ci il tarixdə Gəncə şəhəri, M.Hacıyev küçəsində ev 13A-nın qarşısında dayanmış “VAZ-21015” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd “Pioneer” markalı maqnitofon, 1 ədəd səsgücləndirici oğurlamışdır. Nəğd pul avtomobildə görməmiş, oğurlamamışdır. Əməlindən peşmandır, yetkinlik yaşına çatmayıb və bir daha bu kimi hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsinin tam sübuta yetirilməsini, onun yetkinlik yaşına çatmamasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi X9 izahat verərək bildirdi ki, Şəxs törətmiş olduğu əməldən peşmandır, yetkinlik yaşına çatmamışdır. Ona görə də məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10, Şəxs əməlindən peşman olmasını , yetkinlik yaşına çatmadığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan polis sahə rəisi, polis leytenantı X11 tərəfindən xx xxxxx 2021-ci il tarixdə tərtib olunmuş MN № ******* protokoldan görünür ki, Şəxs, xx xxxx 2021ci il tarixdə Gəncə şəhəri, M.Hacıyev küçəsi ev 13A, mənzil 33-də yaşayan vətəndaş X5 məxsus “VAZ-21015” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd “Pioneer” markalı maqnitofon, 1 ədəd səsgücləndirici və 240 manat nəğd pul oğurlayaraq xırda talama etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatını, Gəncə şəhər prokurorluğunun nümayəndəsinin rəyini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xırda talama etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Şəxs xx xxxxxxxx 2004-cü ildə tarixdə Gəncə şəhərində doğulmuşdur. Azərbaycan Respublikası İXM-in 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Şəxs yetkinlik yaşına çatmamışdır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, Şəxs, təqsirləndirildiyi İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Belə ki, qanunverici tərəfindən müəyyən edilmiş tələblərə əsasən, on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilə bilməz və bu imperativ xarakter daşıyır. İş materiallarında olan xx xxxxx 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və inzibati tənbeh tədbirləri görülməsi üçün qərar Gəncə şəhər Nizami RPİ-nin İTB-nə göndərilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını və həmin Məcəllənin 32.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamasını barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona ictimai işlər növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Zərərçəkmiş şəxs X5 dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda gostərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 100 (bir yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxs X5 dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar