Məhkəmə qərarları › İş №3(044)-395/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-395/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-395/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər DYPŞ-nin YNH isnpektoru polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 27.12.2021ci il tarixdə saat 14 radələrində sürücü, xx.xx.1993-cü ildə Şəmkir rayonunda anadan olmuş, AR-sı vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs özünə məxsus olan, sürücülük hüququ olmaqla idarə etdiyi “VAZ 21074” minik markalı ** FD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Ş.Bahəddin küçəsi ilə Əttarlar küçəsi istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada 15.08.1961-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Gəncə kəndində yaşayan X1 ehtiyyatsızlıqdan vuraraq sonuncunun döş qəfəsinin və başın yumşaq toxumlarının qançır-şişkinlik halında əzilməsi qismində yüngül xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxslərin yalnız az ağır və ya ağır xəsarət alması cinayət məsuliyyətinə səbəb olur. Lakin X3 oglu hadisə zamanı yüngül xəsarət aldığı üçün cinayət məsuliyyətini istisna edir. Belə olan halda toplanmış material üzrə sürücü Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Sürücü Şəxs nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə, Azərbaycan Respublikası İXM-nin 327.8.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 20.04.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 27.12.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X2 bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Şəxs ilə barışmışdır, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında Şəxs əməlini etiraf edərək bildirmişdir ki, rəsmi olaraq Azərbaycan Respublikası, Şəmkir rayonu, Qaz İstismar İdarəsində gözətçi vəzifəsində işləyir. 27.12.2021ci il tarixdə saat 14 radələrində o, idarə etdiyi “VAZ 21074” minik markalı ** FD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Ş.Bahəddin küçəsi ilə Əttarlar küçəsinə doğru istiqamətində arxaya doğru hərəkət etdirərkən avtomobilinin nəyəsə dəydiyini hiss etmiş və bundan sonra nə baş verdiyini bilmək üçün avtomobildən enərək arxaya doğru gedən zaman tanımadığı yaşlı bir şəxsin yerdə uzanıqlı olduğunu görmüşdür. Dərhal həmin şəxsə kömək edərək yaxınlıqda olan stulda əyləşdirmiş və daha sonra yaxınlıqdakı mağzadan su alaraq ona vermişdir. Təxminən 15-20 dəqiqə həmin şəxslə maraqlanmış, bu zaman həmin şəxs ona vəziyyətinin normal olduğunu, səhhətində heç bir problem olmadığını bildirmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu nəzərə alıb ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar: yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması; svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə; dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi; birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə; avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi, geriyə dönmə, geriyə hərəkət etmə və sürmə təlimi keçmə; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması – nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar