Məhkəmə qərarları › İş №3(044)-398/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-398/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-398/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, şikayət vermiş X1 iştirakı ilə, X1 Gəncə Regional X3 Xidmətinin inspektoru tərəfindən qəbul edilən MN ******* saylı, 19 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Regional X3 Xidmətinin inspektoru tərəfindən qəbul edilən MN ******* saylı, 19 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, ABC-Telecom MMC-yə məxsus Kontakt Home mağazalar şəbəkəsinin Gəncə şəhəri, N.Gəncəvi prospekti ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən Kontakt Home mağazasının müdiri vəzifəsində işləyir. 11.03.2021ci il tarixdə Gəncə Regional X3 Xidmətinin inspektoru tərəfindən Gəncə şəhəri, N.Gəncəvi prospekti ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən müdiri olduğu “Kontakt Home” mağazasında yanğın təhlükəsizliyi qaydalarına əməl olunması vəziyyəti yoxlanılmış və aparılan yoxlama nəticəsində bir sıra yanğın təhlükəsizliyi tələblərinin pozulması halları aşkar edilmişdir. Qeyd olunan pozuntuların aradan qaldırılması məqsədilə mağazada yoxlama aparan X3 inspektoru tərəfindən qərar qəbul edilərək 30 (otuz) günlük müddət təyin edilmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, bu səbəbdən də barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinin dispozisiyasına əsasən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Sözügedən maddənin dispozisiyasından göründüyü kimi 536.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsi nəticəsində yaranır. Tərəfindən 536.1-ci maddədə nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliklərdən heç biri törədilməmiş, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək səlahiyyəti orqanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən ona qərar və ya tələbnamə təqdim edilməmişdir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarının aradan qaldırılması üçün 30 (otuz) günlük müddət təyin edilməklə qərar 19.03.2021-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yanğın təhlükəsizliyi qaydalarının pozulması qərarda göstərilmiş müddətdə, yəni 10.04.2021-ci il və ya sonrakı tarixlərdə aradan qaldırılmadıqda yaranır və barəsində 536.1-ci maddə ilə inzibati tənbeh vermə haqqında qərar yalnız 10.04.2021-ci il və ondan sonrakı tarixlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması halları aradan qaldırılmayaraq qərarın tələbləri yerinə yetirilmədikdə qəbul edilə bilərdi. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ona müdiri olduğu “Kontakt Home” mağazasında Gəncə Regional X3 Xidmətinin inspektoru tərəfindən 29.03.2021-ci il tarixdə təqdim edilmişdir. Ona görə də qərara məhkəmə qaydasında baxılmasını, 19 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şikayət vermiş X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Gəncə Regional X3 Xidmətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati xəta ilə bağlı materiallar və sübutlar məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, işə Gəncə Regional X3 Xidmətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, hüquqi şəxs ABC-Telekom MMC (Kontakt home) mağazasında yanğın texniki müayinə zamanı YTQ № 01.2001 1.9.4, 1.9.12, 2.1, 10.4,6.4, 6.7, 5.3-cü bəndlərinin pozulması aşkar edilmişdir. Nəticədə hüquqi şəxs ABC-Telekom MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Gəncə Regional X3 Xidməti tərəfindən qəbul edilən 11.03.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Nizami prospekti ilə Ə. Cəmil küçəsinin kəsişməsində yerləşən Kontakt Home mağazasında plandankənar yanğın-texniki müayinə zamanı YTQ № 01.2001 1.9.12, 2.1, 10.4,6.4, 6.7, 5.3-cü bəndlərinin pozulması aşkar edilmişdir.Törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. İş materiallarında olan 19 mart 2021-ci il tarixli MN ******* saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə olunmuşdur. 19 mart 2021-ci il tarixli MN ******* saylı qərar 11.03.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X2 barəsində tərtib edilmiş 19 mart 2021ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı X2 barəsində 11 mart 2021-ci il tarixdə qəbul olunmuş yanğın-texniki müayinə materiallarına baxılmasının nəticəsi üzrə qərardan görünür ki, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Lakin həmin müddət gözlənilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-in 76.1-cı maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131-ci və 134-cü maddələrini rəhbər tutaraq, qərara aldı: X1 şikayəti təmin edilsin. X2 barəsində İXM-in 536.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 19 mart 2021-ci il tarixli MN ******* saylı qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar