Məhkəmə qərarları › İş №3(044)-409/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-409/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-409/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndəsi X5 iştirakları ilə, X4 Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.2-ci maddəsi ilə tərtib edilmiş 15 aprel 2021-ci il tarixli MN № ******* inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X4 Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin 15 aprel 2021-ci il tarixli MN № ******* nömrəli qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 03 aprel 2021-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 28 May küçəsinin şərq tərəfində yerləşən icarə əsasında işlətdiyi “Kardeşler Dönərxana”-ya dair Azərbaycan Respublikasının Qida X3 regional bölməsinin məsləhətçisi X8 tərəfindən barəsində MN ******* saylı saylı protokol tərtib olunmuş, 15 aprel 2021-ci il tarixdə isə heç bir araşdırılma aparılmadan onun iştirakı ilə Azərbaycan Respublikasının Qida X3 regional bölməsinin rəisi X7 tərəfindən MN ******* nömrəli qərar qəbul edilmişdir. Protokolda guya onun İXM-in 211.2-ci maddəsi ilə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması olmuşdur. Halbu ki, Azərbaycan Respublikasının Qida X3 regional bölməsinin əməkdaşları fəaliyyət göstərən “Kardeşlər Dönər” gələrkən o orada olmamış, orada olan işçilər isə “maskada” olmuşlar. O isə dönərxanaya təqribən 30-40 dəqiqə sonradan gəlmişdir. Həmçinin onuda qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Qida X3 regional bölməsinin əməkdaşları 2(iki) nəfər dönərxanaya daxil olarkən dönərxanda heç kəs olmamışdır, yalnız dönərçi və onun yardımçısı olmuşdur. Qeyd etdiyi faktı iş materiallarına əlavə ediləcək CD diskdə sübut olunur. Onun şikayətinə 15 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Qida X3 regional bölməsində baxılsa da, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində İXM-in 211.2-ci maddəsinin tələblərini pozmaqla 300 manat məbləğində cərimə edilməyi ilə balğı qərar çıxarılmışdır. (211-ci maddə ilə protokol və qərar qəbul etmək səlahiyyəti olmayan şəxs tərəfindən). Məhkəmə iclasında iştirak edən X2, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və 15 aprel 2021-ci il tarixli MN № ******* inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin nümayəndəsi X8, X6 barəsində Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş 15 aprel 2021-ci il tarixli MN № ******* inzibati xəta haqqında qərarın qanuna uyğun tərtib edilməsini bildirərək, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri, tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən tərtib edilmiş 15 aprel 2021-ci il tarixli MN № ******* nömrəli qərardan görünür ki, dönərxanada işçi heyyəti tibbi maskadan istifadəsi ilə bağlı qaydaların pozulması faktı aşkar edilmiş və X6 barəsində İXM-in 211.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən tərtib edilmiş 15 aprel 2021-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də şikayət təmin edilməməli və 15 aprel 2021-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən tərtib edilmiş 15 aprel 2021-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən tərtib edilmiş 15 aprel 2021-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar