Məhkəmə qərarları › İş №3(044)-409/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-409/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-409/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X5 polis mayoru X4 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərin düzgün tərtib olunmadığı və natamam olduğu müəyyən edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 yol hərəkəti qaydaları əleyhinə olan 01.12.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında elektron qərarın surətinin təqdim edilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Belə olan halda X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 99.1 və 99.1.1- ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. - 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. - 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. - 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. - 125.8-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. - 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarında görünür ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 26.04.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Gəncə ŞBPİ-nin Dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar