Məhkəmə qərarları › İş №3(044)-410/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-410/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-410/2020 24.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2 mkr, 18/36 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 130 manat məbləğində aliment alınaraq X2 verilməsi qət edilmişdir. Borclu Şəxs 3120 manat məbləğində aliment borcu yaranmış və o qərəzli olaraq bununla bağlı məhkəmənin icra sənədini icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirdi ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ona həvalə edilmişdir. Borcluya tələbin könüllü icrası haqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Borclu icradan boyun qaçıraraq tələbi bu günədək icra etməmişdir. Qeyd edilənləri əsas gətirib borclunun inzibati məsuliyyətə cəlb edilməsi məsələsini həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar bildirdi ki, hazırda borclu icra sənədinin icrası ilə əlaqədar heç bir hərəkət etməmişdir. Ona görə də onun barəsində həbslə bağlı inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs bildirdi ki, hazırda işləmir və bu səbəbdən də alimenti ödəmir. Buna baxmayaraq icra icraatı zamanı aparılan hərəkətlərdən və görüləcək tədbirlərdən onun xəbəri olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş çəxsin(borclunun) izahatlarını dinləyib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “icraata başlanması haqqında” xx.xx.2018-ci il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətlərinin aparılması ona həvalə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “tələbin könüllü icrası haqqında” bildirişdən müəyyən olunur ki, həmin bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, həmin xəbərdarlıq təqdim edilmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs barəsində müxtəlif vaxtlarda müəyyən icratədbirləri həyata keçirilsə də, icra icraatı zamanı qəbul edilmiş sənədlər ona xx xxxxxx 2020-ci ildə təqdim edilmiş və o həmin sənədlərlə həmin tarixdə tanış olmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək,icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Odur ki, borclunun qeyd edilən hüquqları təmin edilmədən onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmədə mahiyyəti üzrə işə baxılması Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, və ədalətlilik prinsiplərinin mahiyyətinə zidd olmuş olardı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsinə görə insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar.Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. “İcra haqqında” Qanunun 82-ci maddəsi isə icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun, ilk növbədə, inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21--ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikasının İXM-in 105.1-ci bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanununverciliyinin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəxs barəsində başlanmış inzibati icraata, onun əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar