Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-410/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X4 oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, şikayətçi X2 15.12.2020-ci il tarixli, MN0852070 saylı inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan 15.12.2020-ci il tarixli, MN0852070 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğu üçün ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizədə göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki, o, 15.12.2020-ci il tarixdə Gəncə şəhərində Mərkəzi univermağın qarşısında ağzında maska, əlində siqaretlə dayanmış, həmin vaxt polis əməkdaşı ona yaxınlaşaraq siqareti söndürməsini tələb etmiş, o, da etiraz etməyərək söndürmüşdür. Sonra başqa polis əməkdaşı ona yaxınlaşaraq polis idarəsinə dəvət etmiş, o, səbəbini soruşduqda həmin polis əməkdaşı siqaret çəkdiyi üçün ona xəbərdarlıq olunacağını və sənədləşmə aparılması üçün dəvət etdiyni bildirmişdir. O, da polis əməkdaşı ilə razılaşaraq polis idarəsinə getmiş, orada ona siqaret çəkdiyi üçün xəbərdarlıq edildiyini və buna görə də protokolu imzalamasını bildirmişlər. O, da polis əməkdaşına inanaraq protokolu oxumadan imzalamışdır. Təxminən 3 ay sonra o, Rusiya Federasiyasına getmək istəyərkən ona məlum olmuşdur ki, həmin vaxt ona karantin rejimi qaydasını pozduğu üçün protokol tərtib edilmiş və 100 manat cərimə olunmuşdur. Halbuki o, həmin tarixdə heç bir karantin qaydasını pozmamış, protokol tərtib edilərkən onun izahatı alınmamış, qərar qəbul olunarkən onun məlumatı olmamışdır. Sonda şikayətçi göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Gəncə şəhəri Nizami rayon Polis idarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Gəncə şəhəri Nizami rayon Polis idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmənin sorğusuna cavab olaraq Gəncə şəhəri Nizami rayon Polis idarəsindən təqdim edilmiş 15.12.2020-i il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən karantin rejimi qaydasının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Gəncə şəhəri Nizami rayon Polis idarəsindən təqdim edilmiş 15.12.2020-i il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rejimi qaydasının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Çünki şikayətçinin inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda xətanın baş verdiyi yer, tarix və vaxt göstərilməmiş, onun izahatı alınmamış, inzibati qərar qəbul olunarkən ona məlumat verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, bu hal qərar qəbul edən vəzifəli şəxs tərəfindən araşdırılmamış, qərar qəbul edilərkən Gündüz Hüseynovun iştirakı təmin edilməmiş, onun izahatı alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən: 112.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; 112.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; 112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; 112.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; 112.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; 112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi X2 inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar tam formada məhkəməyə təqdim edilməmişdir. Bununla da X3 tərəfindən inzibati xətanın harada, hansı tarixdə və vaxtda törədilməsi, onun qərarın qəbul edilməsində iştirak etməsi, izahatının alınması müəyyən edilməmişdir. Həmin halların sübut olunması, protokolu tərtib etmiş şəxsin üzərinə düşür, lakin protokolu tərtib etmiş Fariz Zeynalova məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, həmin halları təsdiq edən sübutlar məhkəməyə göndərilməmişdir. Buna görə də məhkəmə şikayətçinin dediklərini əsas götürərək təsdiq olunmuş hal kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən bütün faktiki hallar araşdırılmadığından 15.12.2020-ci il tarixli, MN0852070 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X3 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində tərəfindən tərtib edilmiş 15.12.2020-ci il tarixli, MN0852070saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və yenidən baxılması üçün Gəncə şəhəri Nizami rayon Polis idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-410/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-410/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver