Məhkəmə qərarları › İş №3(044)-414/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-414/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-414/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarından müəyyən olunur ki, Şəxs 08.03.2021-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6-da yaşayan keçmiş arvadı X2 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə döymüşdür. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis leytenantı X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 08.03.2021-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA 6-da yaşayan X2 DİN-nin 102 xidmətinə müraciət edərək, evinə gələn keçmiş əri Malikin münaqişə edərək onu döyməsi barədə məlumat vermişdir. Bundan başqa o, həmin tarixdə Gəncə şəhəri Nizami RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 08.3.2021-ci il tarixdə keçmiş əri Malik yaşadığı ünvana gəlib onu təhqir edib döymüşdür, onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Nizami RPİ-nin təhqiqatçısı polis kapitanı X5 tərəfindən ilkin araşdırma aparıldıqdan sonra Şəxs əməlində cinayət tərkibi olmadığı üçün 18 mart 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və material inzibati protokol tərtib edilməsi üçün aidiyyəti üzrə Nizami RPİ-nin İTBsinə göndərilmiş, 26.04.2021-ci il tarixdə Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirmişdir ki, o, keçmiş arvadı X2 ilə rəsmi ayrılsalar da, bir evdə yaşamışlar. 08.03.2021-ci il tarixdə o, yaşadıqları Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA 6 ünvanındakı evə gəldikdə, keçmiş arvadı Fəxriyyə ilə qısqanclıq zəminində mübahisə yaranmış, sonuncu onu təhqir etmiş və evdən qovmuşdur. Fəxriyyənin nalayiq sözlərindən əsəbləşərək o, Fəxriyyəyə xəsarətlər yetirmişdir. Sonda o, əməlindən peşman olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirdi ki, 08.03.2021-ci il tarixdə saat təxmini 22 radələrində keçmiş əri Şəxs onun yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA 6-da ünvanına gələrək heç bir əsas olmadan ona şər ataraq mübahisə etmiş və onun ünvanına nalayiq sözlər deyərək onu təhqir etmişdir. Şəxs əli ilə onun baş nahiyyəsinə və üz nahiyyəsinə vuraraq ona xəsarət yetirmiş, həmin vaxt anası Almaz onları ayırmış və Malik evdən çıxıb getmişdir. Sonda o, keçmiş əri ilə barışmadığını bildirərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs zərərçəkmiş şəxsi vuraraq fiziki ağrı yetirməsi, beləliklə İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və zərərçəkmiş şəxsin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 26.04.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar