Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-421/2020 25.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, X1 Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə (bundan sonra – İXM-in) əsasən inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi Azər Əsədov onun barəsində əsassız olaraq MN ******* saylı inzibati tenbeh vermə haqqında protokol tərtib etmişdir. Həmin protokola görə o, İXM-in 211.1-ci maddəsini pozmuş hesab olunmuşdur. Tərtib edilmiş MN ******* saylı protokola əsasən o, karantin qaydalarını pozmaqla inzibati xəta törətmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə saat 12:30 radələrində o, işlədiyi Gəncə şəhər 19 saylı X3 İdarəsindən çıxıb Gəncə şəhəri Nizami küçəsində yerləşən Bayraq meydanının qarşısından keçərkən iki nəfər polis polis əməkdaşı ona yaxınlaşaraq icazə sənədini istəmişdirlər. İcazə sənədinin elektron portalda olduğunu bildirərək şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Portalda yoxlanan zaman məlum olmuşdur ki, şirkətdə portalda olan qeydiyyatı iki gündür ki, ləğv olunmuşdur. Şirkətin onu portaldan çıxarmasından xəbəri olmamış, bu barədə ona xəbərdarlıq edilməmişdir. Bu səbəbdən o, işə həmişəki qaydada gedib gəlmişdir. Bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi Azər Əsədova izah etsə də onun barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuşdur. Həmçinin şikayətçi, həmişə icazəsinin olduğu və karantin dövründən hal-hazıra kimi gündəlik icazəsinin mövcüd olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış şikayətçi X2 və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş (protokol) inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə şikayətçi X1 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati protokoldan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İXM-in 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” İXM-in 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İXM-in 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçinin xx.xx.2020-ci il tarixdə İXMin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati protokol qəbul edilmişdir. Şikayətçi öz şikayət ərizəsində bu protokolu əsassız hesab edərək qeyd etmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 12:30 radələrində işlədiyi Gəncə şəhər 19 saylı X3 İdarəsindən çıxıb Gəncə şəhəri Nizami küçəsində yerləşən Bayraq meydanının qarşısından keçərkən iki nəfər polis polis əməkdaşı ona yaxınlaşaraq icazə sənədini istəmişdirlər. İcazə sənədinin elektron portalda olduğunu bildirərək şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Portalda yoxlanan zaman məlum olmuşdur ki, şirkətdə portalda olan qeydiyyatı iki gündür ki, ləğv olunmuşdur. Şirkətin onu portaldan çıxarmasından xəbəri olmamış, bu barədə ona xəbərdarlıq edilməmişdir. Bu səbəbdən o, işə həmişəki qaydada gedib gəlmişdir. Bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi Azər Əsədova izah etsə də onun barəsində xx.xx.2020ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib olunmuşdur. Həmçinin şikayətçi, həmişə icazəsinin olduğu və karantin dövründən hal-hazıra kimi gündəlik icazəsinin mövcüd olduğunu qeyd etmişdir. Beləliklə məhkəmə iclasında şikayətçinin İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolun və protokol əsasında çıxarışlmış qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №3(044)-421/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-421/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver