Məhkəmə qərarları › İş №3(044)-425/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-425/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-425/2021 09.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin sahə rəisi, polis baş leytenantı X4, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən 24 aprel 2021-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X1 şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən 24 aprel 2021-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək bildirdi ki, 24 aprel 2021-ci il tarixdə polis əməkdaşı onu saxlatmaqla tibbi maskadan istifadə etmədiyinə görə ona irad bildirmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsində inzibati xətanı törətməklə bağlı protokol tərtib etmişdir. O, protokolu tərtib edən polis əməkdaşına tibbi maskanın velosipedlə hərəkətdə olarkən ondan asılı olmayan səbəblərdən burun nahiyəsindən nisbətən aşağı düşməsini bildirsə də polis əməkdaşı ona qanunvericiliyə əsasən açıq havada da maska istifadə etməməyin inzibati məsuliyyətə səbəb olduğunu bildirmişdir. O, daha sonra inzibati xəta haqqında protokol əldə etdikdən sonra ona məlum olmuşdur ki, barəsində protokol tərtib edən polis əməkdaşı Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin sahə rəisi, polis baş leytenantı X7 olmuşdur. O, qapalı şəraitdə olmamış, açıq havada velosiped sürərkən tibbi maskadan istifadə etdiyi halda onun barəsində protokol tərtib olunmuşdur. Qeyd edilən protokol əsasında tərtib edilən MN ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərar əsasında İXM-in 211.2-ci maddəsi ilə 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş 24 aprel 2021-ci il tarixli, MN ******* nömrəli protokol əsasında 27 aprel 2021-ci il tarixdə onun barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar ləğv olunmalıdır. İnzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin sahə rəisi, polis baş leytenantı X7 məhkəmə iclasında protokolu müdafiə etdi və X2 barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 24 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və 27 aprel 2021-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X3 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarında cərimə olunmuşdur. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qaııun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iclasında inzibati xəta törədən şəxsin və polis əməkdaşının izahatlarından müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 açıq havada olmuş və açıq havada qoruyucu maskadan istifadə etmiş, lakin velosiped sürərkən özündən asılı olmayan səbəbdən maska bir anlıq üz nahiyəsindən çənə nahiyəsinə düşmüş və ona görə də polis əməkdaşı tərəfindən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, bu hal epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması kimi qiymətləndirilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, şikayətçi X2 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən 27 aprel 2021-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən 27 aprel 2021-ci il tarixdə qəbul olunmuş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar